Qanun
“Bank olmayan kredit təşkilatları haqqında” Qanun: tam mətn və dəyişikliklər
Son dəyişiklik 26 may 2026 tarixində qəbul edilib (№ 413-VIIQD). e-qanun.az-da cəmi 18 dəyişiklik qeydə alınıb.
Qüvvədədir Qəbul: 25 dekabr 2009
Bütün dəyişikliklər (18) Tam mətnə keç Mətni e-qanun.az-da aç Bütün dəyişikliklər daxil edilmiş mətn aşağıdadır; rəsmi mənbə e-qanun.az.
Qüvvəyə minəcək dəyişikliklər: 1
-
30 gün sonra · № 413-VIIQD · Qəbul: 26 may 2026
Dəyişən maddələr Maddə 15 15.2.2
Həmçinin dəyişir Mülki Məcəllə Vergi Məcəlləsi Rəqabət Məcəlləsi +21 akt
İllər üzrə
ən çox: 2023 — 4Dəyişikliklərin tarixçəsi
Cəmi 18 dəyişiklik2026 1 dəyişiklik
2025 2 dəyişiklik
2023 4 dəyişiklik
2022 1 dəyişiklik
Əvvəlki illər: 2013–2021 10 dəyişiklik
2021 1 dəyişiklik
2019 1 dəyişiklik
2018 3 dəyişiklik
2017 1 dəyişiklik
2016 2 dəyişiklik
2014 1 dəyişiklik
2013 1 dəyişiklik
Tam mətn (son redaksiya)
25 maddəMənbə: e-qanun.az. Mətn orada 17 sentyabr 2026 tarixində yenilənib, burada 21 noyabr 2026 tarixində yoxlanılıb. Mətn məlumat üçündür, rəsmi mətn e-qanun.az-dadır. Rəsmi mətn ↗
Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin maliyyə resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsi, maliyyə xidmətlərindən istifadəsi üçün əlverişli şəraitin yaradılması məqsədilə bank olmayan kredit təşkilatlarının təsis edilməsi, idarə olunması və fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edir.
I fəsil Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. Bank olmayan kredit təşkilatı (bundan sonra – BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və bu Qanunla nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatı;
1.0.2. Birgə borcalanlar qrupu – müqaviləyə əsasən qrupun hər bir üzvünün aldığı kreditin qaytarılmasına qarşılıqlı zamin kimi çıxış edən şəxslər;
1.0.4. İnzibatçı – idarəetmə orqanlarının, Audit Komitəsinin üzvləri, baş mühasib (bu vəzifələri icra edən şəxs), daxili auditor, filialın, o cümlədən xarici BOKT-nin yerli filialının rəhbəri;
1.0.5. aidiyyəti olan şəxslər – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər və inzibatçılar, habelə inzibatçılarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulmuş qohumluq əlaqələri olan şəxslər. Xarici BOKT-nin yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs), habelə xarici BOKT-nin rezidenti olduğu ölkənin qanunvericiliyinə görə xarici BOKT-yə aidiyyəti olan digər şəxslər xarici BOKT-nin yerli filialının aidiyyəti şəxsləri hesab olunurlar;
1.0.7. Kapital – BOKT-nin balansı üzrə kapital elementlərinin məcmusu olmaqla nizamnamə (şərikli) kapitalının (əmlak haqları) və bölüşdürülməmiş mənfəətinin (mənfəətdən vergilər və başqa dövlət ödənişləri aparıldıqdan sonra qalan məbləğ), kapital ehtiyatının, qrant və ianələrin (müqavilə şərtlərinə əsasən nağd vəsait formasında verilmiş və BOKT-nin sərəncamında qalan) cəmi və onlardan tutulmaların fərqi;
1.0.8. Mühüm iştirak payı – nizamnamə (şərikli) kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik;
1.0.9. Vətəndaş qüsursuzluğu – BOKT-nin benefisiar mülkiyyətçilərinin, inzibatçılarının, habelə nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının sahiblərinin, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə uyğun olması faktı;
1.0.10. Maliyyə bazarları sahəsi – maliyyə bazarlarının tənzimlənməsi və nəzarət sahəsi və ya Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələri.
Maddə 2. BOKT-nin fəaliyyətinin hüquqi əsasları və bu Qanunun tətbiq dairəsi
2.1. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra — Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
2.2. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur.
2.3. Ələt azad iqtisadi zonasında bank olmayan kredit təşkilatları sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 3. BOKT-nin müstəqilliyi
3.1. BOKT öz fəaliyyətini bu Qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində müstəqil həyata keçirir.
3.2. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, BOKT dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil və həmin orqanlar onun cari fəaliyyətinə müdaxilə edə bilməzlər.
3.3. BOKT dövlətin öhdəliklərinə, dövlət isə BOKT-nin öhdəliklərinə görə məsuliyyət daşımır.
3.4. BOKT tərəfindən verilən kreditlər üzrə faiz dərəcəsi, habelə bu Qanuna müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə görə tutulan komisyon və xidmət haqlarının məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla BOKT ilə borcalan (xidmətlərdən istifadə edən) arasında bağlanılan müqavilə ilə müəyyən olunur.
Maddə 4. BOKT-nin birlikləri və assosiasiyaları
4.1. BOKT-lər fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə təmsil edilməsi və müdafiəsi məqsədilə birliklər və assosiasiyalar yarada bilərlər.
4.2. BOKT-lər rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına istiqamətlənən sazişlər bağlamaq və razlılaşdırılmış əməliyyatlar aparmaq, o cümlədən faiz dərəcələrini və komisyon haqlarını müəyyən etmək üçün birlik və assosiasiyalardan istifadə edə bilməzlər. Birlik və assosiasiyalar öz fəaliyyətini həyata keçirərkən rəqabət qanunvericiliyinin tələblərinə riayət etməlidilər.
II fəsil BOKT-nin yaradılması və idarə edilməsi
Maddə 5. BOKT-nin təşkilati-hüquqi forması və növləri
5.1. BOKT-lər Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər üçün nəzərdə tutulmuş təşkilati-hüquqi formada, Azərbaycan Respublikasının və (və ya) xarici dövlətlərin fiziki və hüquqi şəxsləri, habelə beynəlxalq təşkilatlar tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri yalnız fond formasında, Azərbaycan Respublikasının bağladığı müqavilələrə uyğun olaraq beynəlxalq təşkilatlar, habelə xarici ölkələrin dövlət büdcəsindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri kommersiya təşkilatları yarada və ya onlarda iştirak edə bilməzlər.
5.3. Xarici ölkələrin ərazisində fəaliyyət göstərən BOKT Azərbaycan Respublikasında filiallar təsis edə bilər. Belə filiallara lisenziyaların verilməsi, onların fəaliyyətinin tənzimlənməsi və fəaliyyətləri üzərində nəzarət bu Qanunla BOKT-lər üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 6. BOKT-nin adı
6.1. BOKT-nin adında “bank olmayan kredit təşkilatı” sözləri olmalıdır. Heç bir BOKT sənədlərdə, elanlarda və ya reklamlarda öz nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.
6.2. BOKT dövlət qeydiyyatına alınmış və fəaliyyətdə olan – bankların, kredit ittifaqlarının və digər bank olmayan kredit təşkilatlarının adlarından istifadə edə bilməz.
Maddə 7. BOKT-nin nizamnamə (şərikli) kapitalı
7.1. BOKT-nin minimum nizamnamə (şərikli) kapitalı, habelə qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-nin təsisçilərinin əmlak haqları pul şəklində ödənilməlidir. Nizamnamə (şərikli) kapitalı (əmlak haqları) Azərbaycan Respublikasının milli valyutasında formalaşdırılmalıdır.
7.2. BOKT-lərin nizamnamə (şərikli) kapitalının minimum miqdarı, onların formalaşdırdıqları ilkin əmlaka dair minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur.
Maddə 7-1. Nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının əldə edilməsi
7-1.1. BOKT-nin nizamnamə (şərikli) kapitalında hər hansı şəxs tərəfindən mühüm iştirak payının, o cümlədən mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə (şərikli) kapitalının 20, 33 və 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payının əldə edilməsi üçün BOKT-nin səlahiyyətli idarəetmə orqanı bu barədə qərarı və müraciəti ilə birlikdə aşağıdakı sənədləri və məlumatları Mərkəzi Banka təqdim edir:
7-1.1.1. iştirak payını əldə etmək istəyən hüquqi şəxs olduqda:
7-1.1.1.1. hüquqi şəxsin adı, ünvanı, fəaliyyət növü haqqında məlumatları, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surətini;
7-1.1.1.2. həmin hüquqi şəxsin icra orqanının rəhbərinin vətəndaş qüsursuzluğu barədə məlumatı (rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayışı);
7-1.1.1.3. hüquqi şəxs xarici hüquqi şəxs olduqda yuxarıda göstərilən sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş nizamnaməsini (əsasnaməsini), onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənədi;
7-1.1.2. iştirak payını əldə etmək istəyən fiziki şəxs olduqda:
7-1.1.2.1. soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumatı və sənədləri, habelə vətəndaş qüsursuzluğu barədə məlumatı;
7-1.1.2.2. fiziki şəxs əcnəbi olduqda, yuxarıda göstərilən məlumat və sənədlərdən başqa rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayışı;
7-1.1.2-1. iştirak payını əldə etmək istəyən xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənədi, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surətini, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumatı;
7-1.1.3. iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatı və sənədlərı.
7-1.2. Mərkəzi Bank bu Qanunun 7-1.1-ci maddəsinə uyğun verilmiş ərizəyə ən geci 20 iş günü müddətində baxır və icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:
7-1.2.1. bu Qanunun 7-1.1-ci maddəsində nəzərdə tutulan məlumatlar və sənədlər tam təqdim olunmadıqda;
7-1.2.2. payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda və ya bu Qanunun 12.1.2-2-ci maddəsində göstərilən faktlar müəyyən edildikdə;
7-1.2.3. iştirak payını əldə etmək istəyən şəxslər (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə.
7-1.3. İştirak payının əldə edilməsi barədə Mərkəzi Bankın verdiyi icazədə iştirak payının alınmasının son müddəti göstərilir. Bu müddət bitdikdən sonra və ya Mərkəzi Bankın icazəsi olmadan iştirak payının əldə edilməsi barədə əqdlər bağlanıldıqda, həmin əqdlər bağlanıldığı andan etibarsız hesab edilir.
7-1.4. Mərkəzi Bank bu Qanunun 7-1.2.2-ci və 7-1.2.3-cü maddələrində göstərilən halları aşkar etdikdə iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya BOKT tərəfindən geri alınması (əldə edilməsi) barədə məhkəməyə ərizə ilə müraciət edir.
7-1.5. BOKT-nin kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə (şərikli) kapitalındakı payını 20, 33 və 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.
Maddə 8. BOKT-nin təşkilati strukturuna və inzibatçılarına dair tələblər
8.1. BOKT-nin idarəetmə orqanları təşkilati-hüquqi formasından asılı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada formalaşdırılır.
8.2. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:
8.2.1. Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində və ya BOKT-nin fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 3 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə azı 5 illik iş təcrübəsinin olması;
8.2.2. kollegial icra orqanının rəhbəri və üzvləri və ya təkbaşçı icra orqanının rəhbəri, habelə xarici BOKT-nin yerli filialının rəhbəri üçün – iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin (azı 1 ili rəhbər vəzifədə olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində və ya BOKT-nin fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 5 illik iş təcrübəsinin (azı 3 ili rəhbər vəzifədə olmaqla) olması;
8.2.3. BOKT-nin daxili auditoru və BOKT-nin filialının rəhbəri üçün – iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin olması;
8.2.4. BOKT-nin, o cümlədən xarici BOKT-nin yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün - iqtisadiyyat sahəsində ali təhsil və mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması.
BOKT-nin, o cümlədən xarici BOKT-nin yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır.
8.2-1. Bu Qanunun 8.2.4-cü maddəsində baş mühasib (bu vəzifələri icra edən şəxs) üçün müəyyən edilmiş tələblər müvafiq peşəkar mühasib sertifikatına malik şəxslərə şamil edilmir.
8.3. Qanunla müəyyən edilmiş qaydada müvafiq vəzifənin tutulması qadağan edilən, habelə qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər BOKT-nin inzibatçıları ola bilməzlər.
Maddə 9. BOKT-nin filialları və nümayəndəlikləri
9.1. BOKT öz filiallarını və nümayəndəliklərini aça bilər.
9.3. BOKT-nin filialı və nümayəndəliyi əvvəlcədən Mərkəzi Banka yazılı məlumat verilməklə açıla bilər. Bu halda BOKT öz filialının və ya nümayəndəliyinin açılması barədə qərarın qəbul edildiyi gündən 5 iş günü müddətində Mərkəzi Banka yazılı məlumat verməlidir. Məlumatda qərarı qəbul edən idarəetmə orqanının adı, qərarın tarixi və nömrəsi, açılan filialın və ya nümayəndəliyin adı, onların ünvanı və rəhbərləri (ixtisası və iş təcrübələri) barədə informasiya əks olunmalıdır.
9.4. Filial və nümayəndəliklərin əsasnaməsi BOKT tərəfindən təsdiq edilir.
9.5. BOKT öz filialının və nümayəndəliyinin fəaliyyətinə və öhdəliklərinə görə tam məsuliyyət daşıyır.
III fəsil Lisenziyaların verilməsi
Maddə 10. Lisenziya
10.1. Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra – lisenziya) almalıdır.
10.3. BOKT-yə verilən lisenziya müddətsizdir.
10.4. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.
10.5. Lisenziya alınması üçün müraciətə baxarkən Mərkəzi Bank təqdim edilən sənəd və məlumatların yoxlanılması məqsədilə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı 7 iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.
10.6. Bu Qanunun 10.5-ci maddəsi sonradan BOKT-də mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinə), benefisiar mülkiyyətçi olan şəxslərə, habelə yeni təyin olunan inzibatçılara da şamil edilir.
Maddə 11. Lisenziyanın alınması üçün müraciət
11.1. Lisenziyanın alınması üçün BOKT Mərkəzi Bankına aşağıdakı sənədləri və məlumatları təqdim etməlidir:
11.1.1. təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
11.1.2. dövlət qeydiyyatı haqqında şəhadətnamənin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
11.1.2-1. BOKT-nin təklif edilən nizamnamə (şərikli) kapitalının (əmlak haqlarının) miqdarı, hər bir pay sahibinin (təsisçinin) payı (əmlak haqqı) və payın (əmlak haqqının) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi barədə məlumatlar və sənədlər;
11.1.3. minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;
11.1.3-1. Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçılar arasında münasibətlər və benefisiar mülkiyyətçi (mülkiyyətçilər), o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
11.1.3-2. mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin) siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
11.1.4. təşkilati strukturu haqqında məlumat;
11.1.5. inzibatçılarının peşə yararlılığı və vətəndaş qüsursuzluğu barədə məlumat, inzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
11.1.5-1. təsisçinin (təsisçilərin) (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) qəsdən törədilmiş cinayətlərə görə məhkumluğunun olmaması haqqında məlumat. Təsisçi (hüquqi şəxs olduqda icra orqanının rəhbəri) əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun qəsdən törədilmiş cinayətlərə görə məhkumluğunun olmaması barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
11.1.5-2. təsisçi hüquqi şəxs olduqda hüquqi şəxsin adı, ünvanı, fəaliyyət növü haqqında məlumatlar, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti. Təsisçi xarici hüquqi şəxs olduqda isə əlavə olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş nizamnamə (əsasnamə), onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd;
11.1.5-3. təsisçi iştirak payını əldə etmək istəyən fiziki şəxs olduqda soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, məşğuliyyət növünü göstərən məlumat və sənədlər;
11.1.5-4. təsisçi (təsisçilər) xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və ya xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat.
11.1.6. kommersiya strategiyası, maliyyələşdirmə mənbələri, kredit siyasətinin əsas göstəriciləri (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditlərin verilməsi müddətləri, faiz dərəcələri və s.), daxili nəzarət sistemi və ilk üç il üçün maliyyə proqnozlarını (balans, mənfəət və zərər haqqında hesabatı) əks etdirilən biznes-plan;
11.1.7. xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);
11.1.8. lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
11.1-1. Lisenziyanın alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
11.2. Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan məlumatlar lisenziyanın alınması üçün ərizə verən şəxs (şəxslər) tərəfindən imzalanır. Ərizənin forması və məzmunu, ona əlavə edilən sənədlər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
11.3. Lisenziyanın alınması üçün müraciətə Mərkəzi Bank tərəfindən 30 gün müddətində baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda (bu Qanunun 11.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) Mərkəzi Bankı onların aradan qaldırılması barədə ərizə qəbul edildikdən sonra 15 gündən gec olmayaraq müraciət edənə yazılı bildiriş göndərir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mərkəzi Bankı 15 gün müddətində sənədlərə baxır və müvafiq qərar qəbul edir.
Maddə 12. Lisenziyanın verilməsindən imtinanın əsasları
12.1. Lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:
12.1.1. təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə cavab vermədikdə və ya məlumatlar yanlış olduqda;
12.1.2. Mərkəzi Bank tərəfindən tələb olunan minimum nizamnamə (şərikli kapitalının ödənilməsi və ya təsisçilərin əmlak haqlarının formalaşdırılması barədə bank sənədi təqdim edilmədikdə;
12.1.2-1. nizamnamə (şərikli) kapitalında payın əldə edilməsinə yönəldilən vəsaitlərin mənbəyi məlum olmadıqda;
12.1.2-2. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin BOKT-yə təsirinin onun etibarlı və prudensial idarə edilməsi üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar mövcud olduqda, habelə inzibatçılar, mühüm iştirak payının sahibləri (hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri) və ya benefisiar mülkiyyətçilər vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə;
12.1.3. inzibatçılar peşə yararlılığı tələblərinə cavab vermədikdə və (və ya) onların qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olduqda.
12.2. Mərkəzi Bank lisenziyanın verilməsindən imtina etdikdə, müraciət edənə imtinanın səbəblərini göstərməklə yazılı məlumat verir.
12.3. Lisenziyanın verilməsindən imtina barədə Mərkəzi Bankın qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər.
Maddə 14. Lisenziyaların reyestri
14.1. Mərkəzi Bank BOKT-lərin, onların filiallarının və nümayəndəliklərinin ictimaiyyət üçün açıq olan vahid reyestrini tərtib edir. BOKT-lərin, onların filiallarının və nümayəndəliklərinin adları, ünvanları, onlara verilmiş və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrələri və tarixləri, inzibatçıları barədə məlumat, fəaliyyətinə xitam verilmiş BOKT-lər, onların filial və nümayəndəlikləri haqqında məlumat alındıqdan sonra 3 iş günü müddətində reyestrə daxil edilir.
14.2. BOKT reyestrə daxil edilmiş məlumatda, habelə təsis sənədlərində (nizamnamədə, əsasnamədə) dəyişikliklər barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməlidir. BOKT-yə yeni inzibatçı təyin edildikdə bildirişə həmin şəxslərin bu Qanunun 8.2-ci və 8.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməsi barədə məlumat daxil edilməlidir.
IV fəsil BOKT-lərin fəaliyyətinə dair tələblər
Maddə 15. BOKT-lərin fəaliyyəti Dəyişiklik qüvvəyə minir: 25 dekabr 2026
15.1. BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə, habelə bu məqsədlə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydada ödəniş hesabları aça və apara, kredit kartları emissiya edə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər.
15.2. Kreditlərin verilməsi üçün lisenziya almış BOKT aşağıdakı fəaliyyət növlərini də həyata keçirə bilər:
15.2.1. borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq);
15.2.2. lizinq;
* (15.2.2-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
15.2.3. veksellərin uçotu;
15.2.4. qarantiyanın verilməsi;
15.2.5. sığorta agenti və (və ya) ödəniş agenti xidmətlərinin göstərilməsi;
15.2.6. borc alanlara, o cümlədən birgə borcalan qruplarına maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi.
15.3. Bu Qanunun 15.2-ci maddəsində göstərilən fəaliyyət növləri üçün qanunvericiliklə lisenziyanın alınması tələb olunduqda, BOKT həmin fəaliyyət növləri ilə müvafiq lisenziya aldıqdan sonra məşğul ola bilər.
15.4. BOKT-nin hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.
15.5. BOKT tərəfindən aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə tənzimlənir. BOKT aidiyyəti olan şəxslərə kreditlərin verilməsi zamanı, həmçinin bu Qanunun 19.1.2-ci maddəsinə müvafiq olaraq müəyyən olunan prudensial normativlərə və tələblərə əməl etməlidir.
15.6. BOKT vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinə Azərbaycan Respublikasının ərazisində hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, bu barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.
Maddə 16. BOKT-lərin fəaliyyətinin maliyyələşdirilmə mənbələri
16.1. BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər:
16.1.1. nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər;
16.1.2. cəlb edilmiş kreditlər;
16.1.3. fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər;
16.1.4. qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
16.2. Beynəlxalq təşkilatlar, xarici ölkələrin hökumətləri və digər donorlar tərəfindən əvəzsiz olaraq ayrılan vəsaitlər, habelə onlardan əldə olunan gəlirlər BOKT-lər tərəfindən Azərbaycan Respublikasından kənara çıxarılmamalıdır.
Maddə 17. Kredit müqaviləsi
17.1. BOKT kreditlərin verilməsində şəffaflığı təmin etməli, borcalanları aldıqları kreditin dəyəri və kreditlə əlaqədar çəkəcəkləri xərclər barədə tam məlumatlandırmalıdır.
17.2. BOKT tərəfindən kreditlərin verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.
17.3. Kredit müqaviləsi yazılı formada ən azı iki nüsxədə tərtib olunur və bir nüsxə borcalana verilir, digər nüsxələr isə BOKT tərəfindən kreditin rəsmiləşdirilməsinə dair sənədlər toplusuna əlavə edilir.
17.4. Birgə borcalanlar qrupu ilə bağlanılan kredit müqaviləsində qrupun bütün üzvləri barədə məlumatlar (adları, hüquqi ünvanları və s.) əks olunmalı və hər bir üzv üçün ayrıca nüsxə tərtib edilərək, onlara təqdim edilməlidir.
17.5. Borcalan bu Qanunun 17.2-ci maddəsində göstərilən şərtlərin kredit müqaviləsində əks etdirilməməsi nəticəsində ona dəyən zərərin ödənilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada BOKT-dən tələb edə bilər.
Maddə 19. BOKT-nin fəaliyyətinə dair prudensial normativlər və tələblər
19.1. BOKT-nin maliyyə sabitliyini təmin etmək məqsədilə Mərkəzi Bank BOKT-nin fəaliyyətinə dair aşağıdakı prudensial normativləri və tələbləri müəyyən edə bilər:
19.1.1. bir borcalana və birgə borcalanlar qrupuna verilən kreditin maksimum miqdarı və kredit risklərinin idarə edilməsi qaydası;
19.1.2. aidiyyəti şəxslərə verilən kreditlərin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər;
19.1.2-1. kapitalın minimum miqdarına və hesablanmasına dair tələblər;
19.1.3. BOKT-nin öhdəliklərinin onun kapitalına nisbətinə dair tələblər;
19.1.4. aktivlərin, balansarxası öhdəliklərin təsnifatından qiymətləndirilməsindən asılı olaraq mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara aid tələblər.
19.2. Mərkəzi Bank BOKT-nin fəaliyyətinin tənzimlənməsi prosesində zərurət yarandıqca normativlərin hamısını və ya bir qismini tətbiq edə bilər.
19.3. BOKT öz fəaliyyəti dövründə kapitala dair tələblərə, habelə Mərkəzi Bank tərəfindən müəyyən edilən digər prudensial tələblərə riayət etməlidir.
19.4. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər və tələblər, onlarda dəyişikliklər fəaliyyətdə olan BOKT-lərə rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə (şərikli) kapitalının (əmlakın) minimum miqdarına aid tələblərə dəyişikliklər isə BOKT-lərə rəsmən bildirildikdən sonra bir ildən tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin və tələblərin geriyə qüvvəsi yoxdur.
Maddə 20. BOKT-də mühasibat uçotu və maliyyə hesabatı
20.1. BOKT illik maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etməlidir. BOKT-nin mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Mərkəzi Bank tərəfindən müəyyən edilir.
20.2. BOKT maliyyə ilinin bitməsindən ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim etməli, özünün rəsmi internet səhifəsində dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.
20.2-1. Mərkəzi Bank BOKT-də kənar auditin aparılmasına dair müvafiq sahə üzrə beynəlxalq təcrübəyə uyğun minimum tələblər müəyyən edir. Kənar auditor yoxlaması Mərkəzi Bankın tələblərinə uyğun olmadıqda, Mərkəzi Bank auditorun dəyişdirilməsini, habelə BOKT-nin özünün vəsaiti hesabına təkrar auditin aparılmasını tələb edir.
20.3. BOKT illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.
20.4. BOKT-nin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bank tərəfindən həyata keçirilir.
Maddə 21. BOKT-nin fəaliyyətinin şəffaflığı ilə bağlı tələblər
21.1. BOKT-lər və onların filialları BOKT-nin lisenziyasını öz inzibati binasında aydın görünən yerdə yerləşdirməli və göstərdiyi maliyyə xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanılmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir.
21.2. BOKT öz fəaliyyəti haqqında haqsız, qeyri-dəqiq və gizli reklama yol verməməli və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun digər tələblərinə riayət etməlidir.
21.3. BOKT öz adının və ünvanının dəyişdirilməsi barədə ən geci 7 təqvim günü müddətində mediada məlumat dərc etdirməlidir.
Maddə 22. Mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə BOKT arasında məlumat mübadiləsi
22.1. BOKT hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan Mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir.
22.2. BOKT tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 23. Məxfilik
BOKT öz müştəriləri ilə apardığı əməliyyatların məxfiliyini “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq surətdə qorumalı, onun qanunsuz açıqlanmasına yol verməməlidir. Həmin məlumat müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən sonra ən azı 5 il müddətində BOKT-də saxlanmalıdır.
V fəsil BOKT-nin fəaliyyətinə nəzarət
Maddə 24. BOKT-nin fəaliyyətinə nəzarət
24.1. BOKT-nin fəaiyyətinə nəzarət onun nizamnaməsində müəyyən edilmiş idarəetmə orqanı tərəfindən həyata keçirilir.
24.2. BOKT fəaliyyəti barədə prudensial tələblərə dair hesabatları Mərkəzi Bank tərəfindən müəyyən edilmiş forma və məzmunda hər hesabat rübü başa çatdıqdan sonra 10 gündən gec olmayaraq Mərkəzi Bankına təqdim etməlidir.
24.3. Bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun, Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması halları aşkara çıxarıldıqda və ya bu cür pozuntulara səbəb ola biləcək faktlar məlum olduqda, o cümlədən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edilməklə Mərkəzi Bank həmin halların aradan qaldırılması barədə BOKT-yə icrası məcburi olan göstəriş göndərir. Göstərişdə BOKT tərəfindən yol verilmiş pozuntuların (nöqsanların) və ya bu cür pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması üçün görülməli tədbirlər və onların yerinə yetirilməsi müddəti göstərilir.
24.5. BOKT-lərin fəaliyyəti üzərində nəzarət tədbirləri, o cümlədən yerində aparılan yoxlamalar Mərkəzi Bank tərəfindən bu Qanuna və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
24.6. BOKT-yə nəzarətin həyata keçirilməsi üçün tələb olunduqda BOKT, habelə BOKT-nin auditini aparan və ya aparmış auditorlar həmin BOKT-nin fəaliyyətinə dair istənilən sənəd və məlumatları Mərkəzi Bankın yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə ona təqdim etməlidir.
24.7. BOKT-lər tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.
Maddə 25. Lisenziyanın ləğvi
25.1. BOKT-nin lisenziyası aşağıdakı bir və ya bir neçə əsas olduqda Mərkəzi Bank tərəfindən ləğv edilə bilər:
25.1.1. BOKT tərəfindən müvafiq ərizə təqdim edildikdə;
25.1.2. lisenziya almaq üçün BOKT tərəfindən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyən edildikdə;
25.1.3. BOKT lisenziyanın qüvvəyə mindiyi gündən on iki ay müddətində fəaliyyətə başlamadıqda və ya BOKT-nin altı ay müddətində kreditlər vermədiyi müəyyən edildikdə;
25.1.4. fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl etmədikdə;
25.1.4-1. bu Qanunun 12.1.2-2-ci maddəsində göstərilən faktlar müəyyən edildikdə;
25.1.5. tələb olunan hesabatları ardıcıl olaraq iki hesabat tarixinə Mərkəzi Bankına təqdim etmədikdə və ya Mərkəzi Bankına təhrif olunmuş hesabat təqdim etdikdə;
25.1.6. bu Qanunla nəzərdə tutulmamış və ya lisenziyasında qadağan edilmiş fəaliyyəti həyata keçirdikdə;
25.1.7. qanunvericiliyə müvafiq olaraq BOKT ləğv olunduqda və ya müflis elan edildikdə.
25.2. Lisenziyanın ləğv edilməsi haqqında qərar dərhal BOKT-yə, qərarın qüvvəyə mindiyi gündən 5 iş günündən gec olmayaraq isə müvafiq vergi orqanına göndərilir, habelə mediada dərc edilir. .
25.3. Lisenziyanın ləğv edilməsi haqqında qərarda başqa müddət nəzərdə tutulmadıqda, qərar mediada dərc edildiyi gündən qüvvəyə minir.
25.4. BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
25.5. BOKT lisenziyasının ləğv edilməsi haqqında Mərkəzi Bankının qərarından qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verə bilər. Şikayətin verilməsi Mərkəzi Bankının müvafiq qərarının icrasını dayandırmır.
VI fəsil Keçid müddəaları
Maddə 26. Keçid müddəaları
26.1. Bu Qanunun 17-ci maddəsinin tələbləri fəaliyyətdə olan BOKT-lərin bu Qanun qüvvəyə mindikdən sonra bağladıqları kredit müqavilələrinə şamil olunur.
26.2. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2009-cu il
№ 933-IIIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 21 iyun 2013-cü il tarixli 697-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 iyul 2013-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 789)
2. 30 sentyabr 2014-cü il tarixli 1040-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1160)
3. 4 mart 2016-cı il tarixli 141-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 407)
4. 5 aprel 2016-cı il tarixli 187-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 aprel 2016-cı il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 641)
5. 17 noyabr 2017-ci il tarixli 865-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2228)
6. 3 aprel 2018-ci il tarixli 1052-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 may 2018-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 844)
7. 4 may 2018-ci il tarixli 1130-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2018-ci il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1171)
8. 28 dekabr 2018-ci il tarixli 1415-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 32)
9. 3 may 2019-cu il tarixli 1586-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 815)
10. 29 oktyabr 2021-ci il tarixli 391-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2021-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1298)
11. 20 dekabr 2022-ci il tarixli 713-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 166)
12. 17 fevral 2023-cü il tarixli 814-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 452)
13. 24 fevral 2023-cü il tarixli 823-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 1 aprel 2023-cü il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 334)
14. 6 iyul 2023-cü il tarixli 940-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 1 avqust 2023-cü il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 914)
15. 5 dekabr 2023-cü il tarixli 1048-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 26 dekabr 2023-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1621)
16. 18 mart 2025-ci il tarixli 161-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2025-ci il, “Azərbaycan” qəzeti, 9 aprel 2025-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 318)
17. 11 aprel 2025-ci il tarixli 175-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 may 2025-ci il, “Azərbaycan” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 432)
18. 26 may 2026-cı il tarixli 413-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 26 iyun 2026-cı il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 6, maddə 488) (Bu Qanun “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
Mənbə: Ədliyyə Nazirliyinin Hüquqi Aktların Vahid Elektron Bazası. Siyahını Operativ Məlumat Mərkəzi redaksiyası hazırlayır. e-qanun.az ↗