Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Jozep Borrel qurumun gələcək fəaliyyəti ilə bağlı mühüm açıqlamalar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Borrel "Politico" nəşrinə müsahibəsində Avropa İttifaqının qlobal arenada daha təsirli və iddialı mövqe tutması üçün ilk növbədə daxili strukturlarda səlahiyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsinin vacibliyini bildirib.
Onun sözlərinə görə, mövcud qeyri-müəyyənlik Aİ-nin effektiv fəaliyyətinə mane olur. "İlk addım kimin nəyə cavabdeh olduğunu dəqiq müəyyənləşdirməkdir. Əgər məsuliyyət bölgüsü aydın deyilsə, beynəlxalq müstəvidə qətiyyətli mövqe nümayiş etdirmək mümkün deyil", – deyə Borrel qeyd edib.
Məlumata görə, hazırda Avropa İttifaqı daxilində xarici siyasət xidmətinin gələcəyi ilə bağlı müzakirələr aparılır. Bəzi rəsmilər bu qurumun funksiyalarının aktuallığını itirdiyini bildirir və onun səlahiyyətlərinin bir hissəsinin mərhələli şəkildə Avropa Komissiyasına ötürüldüyü qeyd olunur.
Bildirilib ki, Aİ rəhbərliyində mövcud fikir ayrılıqları da idarəetmə prosesinə təsir göstərir. Xüsusilə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında fikir ayrılıqlarının olduğu və bunun qərar qəbuletmə prosesində çətinliklər yaratdığı vurğulanır.