İspaniyanın nəhəng klubu "Real Madrid"də baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında yenidənqurma prosesi start götürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın gələcək heyətini formalaşdırmaq üçün konkret qərarlar qəbul edib.
Mourinyo bəzi futbolçuların xidmətindən imtina etməyi planlaşdırır.
Mourinyonun yeni strategiyasında müdafiə xəttində ciddi dəyişikliklər nəzərdə tutulur. Xüsusilə, sol cinah müdafiəçiləri olan Ferlan Mendi və Fran Qarsiyanın komandada qalması sual altındadır. Eyni mövqedə çıxış edən Alvaro Karrerasın isə klubda qalma ehtimalı daha yüksək qiymətləndirilir. Bununla yanaşı, mərkəz müdafiəçisi Raul Asensio da baş məşqçinin planlarına daxil deyil, lakin futbolçu özü komandadan ayrılmaq istəmir.
Yarımmüdafiə xəttində də narazılıqlar mövcuddur. Məlumata görə, Eduardo Kamavinqanın performansı Mourinyonu qane etmir, lakin oyunçu hazırda klub dəyişmək niyyətində deyil. Digər tərəfdən, Orelien Tçuameni ilə bağlı vəziyyət daha ciddidir; futbolçu ilə ciddi şəkildə maraqlanan "Mançester Yunayted"ə transferi istisna edilmir.
Qeyd edək ki, Federiko Valverde isə toxunulmaz oyunçular siyahısındadır və onun satılması nəzərdə tutulmur.