Ukrayna prezidenti Volodimir Zelenski uzun müddət sonra ilk dəfə Kiyevə vəd olunan F-16 qırıcılarını, nəhayət ki, əldə etdiklərini təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bu barədə naməlum hərbi bazada F-16-ların fonunda çıxış edib.
“F-16-lar Ukraynadadır. Biz bunu etdik”, - deyə Zelenski Ukraynanın aviyasının güclənməsini qeyd edib.
O, müttəfiqlərə təşəkkür edib, lakin bildirib ki, Ukraynanın indi daha çox dəstəyə ehtiyacı var.
NATO ölkələri Ukraynaya, təxminən, 65 qırıcı vəd verib. Rəsmi Kiyevin onlardan dəqiq neçəsinin əldə etdiyi hələlik məlum deyil. Zelenski F-16-ları uçurmaq üçün kifayət qədər pilotun olmadığını da etiraf edib.
Qeyd edək ki, F-16-lar 1978-ci il istehsalıdır. Qərb ölkələri bu yaşlanan döyüş təyyarələrini istismardan çıxarmağa, onları Amerika istehsalı olan F-35-lərlə əvəzləməyə çalışırlar. Misal üçün, Britaniyanın F-16-sı yoxdur. Britaniya Ukraynaya “Storm Shadow” silahları ilə dəstək göstərir.
Rusiya silahlı qüvvələrinin son bir neçə həftədir ki, cəbhədə daha bir neçə kəndə nəzarəti ələ keçirdiyi bildirilir. Rusiya Ukraynanın, ümumilkdə, təxminən, 18 faizinə nəzarət edir. 2 ildən çoxdur ki, davam edən müharibədə hər iki tərəfdən minlərlə insan ölüb.