Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətinin rəhbəri bazar günü İranın dəstəklədiyi husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatların başlanmasını elan edib. Əməliyyatın məqsədi husilərin nəzarətində olan əraziləri geri almaqdır.
Yəmən prezidenti Rəşad əl-Əlimi televiziya ilə yayımlanan müraciətində bildirib: “Bu gün respublikanın qalan ərazilərini geri almaq, dövlətin və onun qurumlarının səlahiyyətlərini bütün ölkə ərazisində bərqərar etmək üçün hərbi əməliyyatların başladığını elan edirəm”.
Reuters agentliyinə daha əvvəl regional və Qərb rəsmiləri Səudiyyə Ərəbistanı ilə Yəməndəki müttəfiqlərinin husilərə qarşı hücum hazırladığını deyiblər. Həmin məlumatlara görə, hava əməliyyatlarına Səudiyyə Ərəbistanı, quru döyüşlərinə isə Yəmən qüvvələri rəhbərlik etməli idi.
Husilərin irəliləyişi
Səudiyyə Ərəbistanı 2015-ci ildə husilərin paytaxt Sənadan çıxardığı, beynəlxalq səviyyədə tanınan hökuməti dəstəkləmək üçün ərəb koalisiyasının tərkibində Yəməndəki vətəndaş müharibəsinə qoşulub.
Tərəflər arasında 2022-ci ildə əldə olunan atəşkəs bu ilədək əsasən qüvvədə qalıb. İran müharibəsinin Yəmənə yayılması fonunda husilər Səudiyyə Ərəbistanının gəmilərinə və neft infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçiriblər.
Əks-hücum hazırlıqlarına baxmayaraq, husilər indiyədək döyüş meydanında təşəbbüsü əllərində saxlayıblar. Onlar hökumət qüvvələrinin çökməsi ilə nəticələnən sürətli hücum zamanı sahilboyu irəliləyərək strateji Bab əl-Məndəb boğazını ələ keçiriblər.
Qırmızı dənizin cənub çıxışında yerləşən Bab əl-Məndəb Aralıq dənizi ilə Asiya arasındakı mühüm gəmiçilik marşrutudur. İran münaqişəsi nəticəsində faktiki bağlanan Hörmüz boğazına alternativ kimi bu marşrutun əhəmiyyəti artıb.
Taiz və Aden yolu uğrunda döyüşlər
Hərbi mənbələrin sözlərinə görə, son 48 saatda husilər Yəmənin Taiz şəhəri yaxınlığındakı strateji yüksəkliklərdə hökumət və yerli qüvvələrə qarşı irəliləyiş əldə ediblər. Onlar şəhərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətin yerləşdiyi Aden arasındakı son yola doğru hərəkət edirlər.
Taiz-Aden yolunun husilərin nəzarətinə keçməsi ölkənin üçüncü böyük şəhərinin faktiki mühasirəyə alınmasına səbəb ola bilər. Şəhərdə yüz minlərlə mülki şəxs və minlərlə hökumət qüvvəsi yerləşir.
Taizdən olan, hazırda siyasi analitik kimi çalışan təcrübəli yəmənli jurnalist Məhəmməd əl-Qadi bildirib ki, husilərin Taizin qərbindəki dağlıq əraziləri ələ keçirməsi Bab əl-Məndəb sahilindəki düzənliklərə nəzarətlərini möhkəmləndirə bilər. Onun sözlərinə görə, bu, sahilboyu ərazilərə mümkün əməliyyat zamanı husilərin arxa cəbhəsini qoruyacaq və həmin yerlərin geri alınmasını çətinləşdirəcək.
Döyüşlərin humanitar nəticələri
Taiz şəhəri strateji mövqeyi ilə yanaşı, prezident Rəşad əl-Əliminin doğulduğu bölgədə yerləşdiyinə görə də əhəmiyyət daşıyır. Şəhərin mühasirəsi ölkədə onsuz da ağır olan humanitar vəziyyəti daha da dərinləşdirə bilər.
BMT-nin Ümumdünya Ərzaq Proqramının ötən həftə açıqladığı məlumata əsasən, döyüşlərin kəskinləşməsi, on minlərlə insanın evini tərk etməsi və milyonlarla nəfərə təchizatın pozulması Yəmənin bəzi bölgələrində ailələrin dörddə üçünün ərzaq çatışmazlığı yaşamasına səbəb olub.