Yeni il tətillərinin bitməsi ilə birlikdə ölkə üzrə pensiyaçıların diqqəti yanvar ayı ödənişlərinə yönəlib. Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilən ödənişlərin qrafiki və 2026-cı ilin əvvəlində gözlənilən indeksasiya artımı ilə bağlı suallar aktuallaşıb.
Bəs yanvar ayı pensiyaları hansı tarixlərdə kartlara köçürüləcək?
Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər
Mövcud təcrübəyə və qrafikə əsasən, pensiya ödənişləri hər ayın ortasında həyata keçirilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların yanvar ayının 8-15-i aralığında ödənilməsi gözlənilir. Bayram günləri ilə əlaqədar banklarda yaranan qısa fasilə ödənişlərin gecikməsinə səbəb olmayacaq.
Rayonlar üzrə pensiyalar nə vaxt veriləcək?
Respublikanın digər bölgələrində yaşayan pensiyaçılar, həmçinin güzəştli şərtlərlə pensiya alan şəxslər üçün ödənişlərin ayın ikinci yarısında, təxminən yanvarın 20-dən sonra həyata keçirilməsi planlaşdırılır.
Pensiyalar artımla veriləcəkmi? (İndeksasiya 2026)
Pensiyaçıları ən çox maraqlandıran sual artımla bağlıdır. Qeyd edək ki, qanunvericiliyə əsasən, əmək pensiyaları hər ilin əvvəlində ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.
Lakin bu artım adətən:
- Dövlət Statistika Komitəsi tərəfindən rəsmi rəqəmlər açıqlandıqdan sonra hesablanır.
- Sərəncam fevral ayında imzalanır.
Diqqət: Yanvar ayının pensiyası köhnə qaydada verilə bilər. Lakin fevral ayında veriləcək pensiyaya həm fevralın artımı, həm də yanvar ayının artım fərqi əlavə edilərək birlikdə ödəniləcək.
***
"Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son yeddi il ərzində 5 sosial islahat paketin icra edildiyini və bu islahatların 4 milyon vətəndaşımızı əhatə etdiiyini bildirib.Yalnız ötən il reallaşan 5-ci sosial pakket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib.
Deputatın sözlərinə görə, 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdırsa ötən ilin ilk 10 ayında artım 9.4 faiz olub:
"2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır. Bu isə o deməkdir ki, bu aydan etibarən bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq".
V.Bayramov həmçinin bildirib ki, 540 manat məbləğində orta pensiya alan vətəndaşımızın pensiyasında bu aydan 50 manata yaxın artım olacaq. Yanvar ayının artımı fevral ayını artımı ilə birlikdə ödəniləcək.
"Nəticədə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir.
2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək. Bu 2026-cı ildə də sosial təminatın güclənməsinin əsas prioritetlərdən olacağından xəbər verir".
Afət ZİYADQIZI