Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-İran nüvə razılaşması: Ağ Ev əsas şərtlərini açıqladı

3 dəq
Paylaş:
ABŞ-İran nüvə razılaşması: Ağ Ev əsas şərtlərini açıqladı

ABŞ və İran arasında nüvə proqramı və regional məsələlər üzrə mümkün razılaşma perspektivləri yenidən gündəmə gəlib. ABŞ tərəfi Vaşinqton və qlobal maraqlara uyğun olmayan heç bir sazişə getməyəcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

ABŞ administrasiyasının nümayəndəsi Oliviya Uels NYT-yə açıqlamasında qeyd edib ki, Vaşinqton İranla danışıqları media vasitəsilə aparmaq niyyətində deyil və ölkənin “qırmızı xətləri” açıq şəkildə müəyyən olunub.

Onun sözlərinə görə, ABŞ Prezidenti yalnız həm ABŞ, həm də ictimaiyyət üçün real fayda verən bir razılaşmanı qəbul edəcək.

NYT-nin yazdığına görə, ABŞ rəsmiləri hesab edirlər ki, İran üzrə danışıqlarda iştirak edən şəxslərin, o cümlədən ölkənin ali siyasi və hərbi rəhbərliyinin nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getmək səlahiyyəti məhduddur. Eyni zamanda, qeyd olunur ki, hərbi təzyiq olmadan Tehranın mövqeyində dəyişiklik ehtimalı azdır. Lakin rəsmilər hesab edirlər ki, hətta hərbi əməliyyatların davam etdirilməsi belə İranın qərarvermə mexanizmini dəyişməyə zəmanət vermir.

Amerika mediasının əvvəlki məlumatlarında da Tramp administrasiyasının İranın danışıqları bərpa etmək təklifinə ehtiyatla yanaşdığı və bunun nüvə proqramı üzrə əsas məsələləri əhatə etmədiyi vurğulanmışdı.

Digər tərəfdən, “Əl-Mayadeen” televiziyası İranın vasitəçilər vasitəsilə ABŞ-yə üç mərhələli danışıqlar planı təqdim etdiyini bildirib. Plana əsasən, birinci mərhələdə hərbi əməliyyatların dayandırılması və zəmanətlərinin əldə olunması tələb edilir. İkinci mərhələdə Hörmüz boğazının idarə edilməsi məsələsinin müzakirəsi, üçüncü mərhələdə isə nüvə proqramı üzrə danışıqların aparılması nəzərdə tutulur. İran tərəfi əvvəlki iki mərhələ üzrə razılaşma olmadan nüvə məsələsini müzakirə etməyəcəyini bildirir.

Aprelin 11-də İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında bir neçə danışıqlar raundu keçirilib. İran tərəfinə Parlament sədri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse- C.D. Vens rəhbərlik edib. Tərəflər arasında ciddi fikir ayrılıqları səbəbindən uzunmüddətli razılaşma əldə olunmayıb. Yeni danışıqlar raundunun vaxtı hələ müəyyən edilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax