Cənab prezident İlham Əliyev həmişə olduğu kimi Milli Məclisin yeni çağırışının ilk toplantısında iştirak edərək öz məzmunlu proqram xarakterli çıxışı və tövsiyələri ilə hər zaman maraqlı nüanslara toxunur, bir növ Milli Məclisin deputatlarının gələcək parlament fəaliyyətində ölkəmizin hərtərəfli inkişafındakı rolunu qiymətləndirir, gələcək yol xəritəsini çəkir, həm də yanlız Milli Məclisin üzvlərini və qonaqlarını deyil, ümumiyyətlə Azərbaycan xalqını vacib məsələlərlə məlumatlandırır. Ölkəmizin qarşısında duran əsas məsələlər, inkişafımızla bağlı olan təhdidlər, gələcəyimizlə bağlı dövlətimizin proqramları, parlamentin həm yerli, həm də beynəlxalq müstəvidəki rolu barədə çox maraqlı məqamlara toxunur.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Cənab prezidentin dediyi kimi nömrə bir məsələ dövlətimizin təhlükəsizliyi məsələsidir və bu da hərbi gücümüzün artırılmasıdır. Bildiyiniz kimi, Ermənistan durmadan silahlandırılır, Qərb dairələri, digər neqativ qüvvələr sürətlə Ermənistanı silahlandıraraq bölgədə dayanıqlı sülhə mane olurlar. Ermənistan son zamanlar özünü qeyri-adekvat aparır, hiss olunur ki, ağaları tərəfindən ona verilən ürək-dirəyə uyaraq, bu gün qeyri-konstruktiv mövqe sərgiləyir. Azərbaycan silahlanma yarışına girməsə də, təbii ki, ölkəmizin təhlükəsizliyi və ordumuzun güclənməsi, yeni, müasir silahların alınması, yeni qoşun birləşmələrinin formalaşdırılması əsas məsələlərdən biridir”.
Millət vəkili vurğulayıb ki, digər məsələ hərbi-sənaye kompleksimizin inkişafıdır ki, dövlət bu sahəyə çox böyük maliyyə ayırıb, gələn il də maliyyə ayrılacaq ki, bu da həm ordumuzun silahla, hərbi məhsullarla təminatı, həm də ixrac məsələlərinin artırılması və milyardlarla gəlirin əldə edilməsidir ki, bunun üçün də konkret vəzifələrimiz var və onlar icra olunmaqdadır.
V.İskəndərov qeyd edib ki, sərhədlərimizin təhlükəsizliyi, təhlükəsizliklə bağlı görülən işlər, Ermənistanla olan münasibətlərimiz, əsasən gənclərimizə olan tövsiyyələr, ideoloji təhlükəsizlik və gənclərimizin yad təsirlərdən uzaq olması, milli-mənəvi dəyərlərimiz istiqamətində tərbiyə, təhsil, mədəniyyət, gələcək əsl Azərbaycan vətəndaşı kimi formalaşmaq, vətənpərvər olmaları vacibdir. Təbii ki, Azərbaycan gənci vətən müharibəsindəki qələbəsi ilə həmin keyfiyyətləri göstərdi və cənab prezident qeyd etdi ki, “gələcək nəsillərimiz də, böyüməkdə olan gənc nəsil də, savadlı, mədəni, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda, vətənpərvər böyüməlidirlər, əsasən də yad təsirlərə düşməməlidirlər”. Bu, çox vacib məsələdir, bu da qarşımızda duran əsas məsələlərdən biridir. Düşünürük ki, bu məsələdə həm cəmiyyətimiz, həm də digər siyasilər bu məsələdə diqqətlə və yorulmadan çalışmalıdırlar.
“Beynəlxalq müstəvidə Azərbaycanın rolu, Azərbaycanın dostu və düşmənlərinin artıq bəyan edilməsi, konkret olaraq gələcək hədəflərimiz, türk dünyası ilə olan bağlarımız, bu sahədə görüləcək işlər və cənab prezidentin çıxışında əsas məqamlardan biri kimi yadda qaldı. Hər zaman olduğu kimi ölkə başçımızın VII Çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli çıxışı hər birimiz üçün yol xəritəsi olaraq, gələcək fəaliyyətimizdə əsas görəcək işlərimizin məqamlarından biri olacaqdır”, - deyə millət vəkili sonlandırıb.
Aminə Nəzərova