XİN Paşinyana cavab verdi

XİN Paşinyana cavab verdi
31.08.2024 18:39
Aa
dəq

Ermənistan Baş nazirinin 31 avqust tarixli mətbuat konfransında növbəti dəfə Azərbaycan-Ermənistan normallaşma prosesi və bölgədə sülh və təhlükəsizliyin təmin olunması səyləri ilə ziddiyyət təşkil edən bir sıra açıqlamalar verməsi təəssüf doğurur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Baş nazirinin 31 avqust tarixli mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində deyib.

Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialar tamamilə yanlışdır. Bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir. Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir və bunun qeyri-ciddi olduğunu hər kəs bilir. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu heç bir halda hal-hazırda, Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir.

Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.

Məhz buna görə də, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.

Bununla yanaşı, Baş nazirin Ermənistanın kütləvi silahlanma səylərinə bəraət qazandıran zaman səsləndirdiyi iddialar heç bir halda həqiqəti əks etdirmir. İlk öncə qeyd edək ki, 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini məhz elə istinad etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə, Alma-Ata bəyannaməsinə zidd olaraq işğal altında saxlayan ölkənin Ermənistan olduğunu, hal-hazırda da qonşularına qarşı ərazi iddialarının mövcudluğunu nəzərə alaraq, Ermənistanın silahlanmasının regional sülh və təhlükəsizliyə necə təhdid olduğunu anlamaq çətin deyil.

Ermənistan tərəfinin guya Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15%-ni təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğunu bildirməsi aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlara tamamilə ziddir və bu dəfələrlə şişirdilmiş rəqəmdir. Bununla yanaşı, Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir. Bununla yanaşı, Azərbaycanın guya İtaliyadan silah aldığı barədə Baş nazir tərəfindən səslənən iddia həqiqəti əks etdirmir.

Minsk Qrupu ilə bağlı Baş nazirin mövqeyinə nəzər saldıqda da açıq-aydın görmək mümkündür ki, Ermənistan tərəfinin keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.

Ermənistan Baş nazirinin bu problemləri göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir.

Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə öz əməlləri ilə və real addımlara hörmət etdiyini göstərməlidir.

Həftənin ən çox oxunanları

Azərbaycan və Belarus baş nazirləri Minskdə görüşüb, bir sıra sənədlər imzalanıb

Azərbaycan və Belarus baş nazirləri Minskdə görüşüb, bir sıra sənədlər imzalanıb
DAVAMIN OXU davamın oxu

TDT Baş katibi: Şuşa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmsil edir

TDT Baş katibi: Şuşa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmsil edir
DAVAMIN OXU davamın oxu

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir
DAVAMIN OXU davamın oxu

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıda səfərdədir

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıda səfərdədir
DAVAMIN OXU davamın oxu

Hakan Fidan: TDT çərçivəsində ümumi hədəflərə doğru addımlar atılır

Hakan Fidan: TDT çərçivəsində ümumi hədəflərə doğru addımlar atılır
DAVAMIN OXU davamın oxu