"Meta" şirkətinə məxsus olan "WhatsApp" messenceri istifadəçi təhlükəsizliyini ən yüksək səviyyəyə çatdırmaq məqsədilə "Ciddi hesab tənzimləmələri" adlı yeni funksiyanı istifadəyə verib.
"Operativ Məlumat Mərkəzi-OMM" "TechCrunch" nəşrinə istinadən xəbər verir ki, yaxın həftələrdə aktivləşəcək bu seçim xüsusilə jurnalistlər və ictimai şəxslər üçün böyük əhəmiyyət kəsb edir.
Yeni rejim aktivləşdirildikdə messencer bir sıra qorunma mexanizmlərini işə salır:
- Naməlum göndəricilərdən gələn media faylları və qoşmalar avtomatik bloklanır;
- Tanınmayan nömrələrdən gələn zənglər söndürülür;
- Linklərin ilkin baxış (preview) funksiyası deaktiv edilir;
- Kütləvi mesajlar zamanı spamdan müdafiə sistemi gücləndirilir.
Bundan əlavə, bu rejim avtomatik olaraq iki faktorlu autentifikasiyanı aktivləşdirir və profil məlumatlarını — son görülmə vaxtı, status, profil şəkli və istifadəçi haqqında məlumatları — kənar şəxslər üçün tamamilə qapalı edir.
Funksiyanı aktiv etmək üçün "Tənzimləmələr" – "Məxfilik" – "Əlavə" bölməsinə daxil olmaq lazımdır. Lakin nəzərə almaq lazımdır ki, bu tənzimləmə yalnız smartfon tətbiqində mümkündür, "WhatsApp"ın brauzer versiyasında isə əlçatan deyil.
Yeni funksiyanın elan edilməsi "Meta" şirkətinə qarşı qaldırılan məhkəmə iddiasından bir neçə gün sonraya təsadüf edir. İddiaçı tərəf şirkəti messencerin təhlükəsizliyi barədə yalan məlumat verməkdə və istifadəçi yazışmalarına çıxış əldə etməkdə ittiham edir. "WhatsApp"ın rəhbəri Uill Ketkart isə bu iddiaları əsassız adlandıraraq, onların yalnız səs-küylü başlıqlar yaratmaq məqsədi daşıdığını bildirib.