Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında mayın 29-u axşam saatlarından 30-u səhərədək fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın bəzi ərazilərində yağışın qısamüddətli intensivləşəcəyi və şimşək çaxacağı istisna edilmir.
Ölkənin digər bölgələrində də hava şəraiti qeyri-sabit olacaq. Mayın 29-u gündüz saatlarından başlayaraq 31-i gündüzədək şimal və qərb rayonlarından etibarən bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Bu müddət ərzində aşağıdakı təbiət hadisələrinin baş verməsi ehtimalı var:
- Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağıntı və şimşək çaxması;
- Dolu düşməsi;
- Yüksək dağlıq ərazilərdə qar yağması;
- Mayın 29-da bəzi yerlərdə yağıntının güclənməsi.
Yağıntılarla bağlı çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Qeyri-sabit hava şəraiti ilə əlaqədar ölkə ərazisində temperatur ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək.