Xəbər verdiyimiz kimi,Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər.
Bəs bu görüş real və uzunmüddətli sülhün yaxın olduğunu göstərir?
Mövzu ilə bağlı “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlama verın Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən geniştərkibli görüşü Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması prosesində mühüm və növbəti addım kimi qiymətləndirib.

Deputat bildirib ki, BƏƏ-nin bu görüşə ev sahibliyi etməsi və tərəflərin konstruktiv dialoqa hazır olması regionda sülh prosesinin davam etdiyini göstərir.
Onun sözlərinə görə, görüşün geniş tərkibdə keçirilməsi normallaşma prosesinin yalnız iki liderin şəxsi təmasları ilə məhdudlaşmadığını, dövlət qurumları və nümayəndə heyətlərinin iştirakı ilə sistemli şəkildə aparıldığını nümayiş etdirir.
Naqif Həmzəyev qeyd edib ki, bu format sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması və digər mühüm məsələlər üzrə müzakirələr üçün əlverişli zəmin yaradır.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin görüşdə ortaya qoyduğu mövqe Azərbaycanın prinsipial, eyni zamanda konstruktiv yanaşmasını bir daha təsdiqləyir:
“Azərbaycan sülhə və regional əməkdaşlığa açıqdır. Lakin bu proses ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüquq prinsiplərinə tam hörmət əsasında həyata keçirilməlidir”.
Naqif Həmzəyevin fikrincə, BƏƏ-nin bu prosesdə vasitəçi və ev sahibi kimi çıxış etməsi Azərbaycanın regional və beynəlxalq tərəfdaşları ilə səmərəli və etimada əsaslanan əməkdaşlıq qurduğunun bariz nümunəsidir.