ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezdən ABŞ-nin rəqib hesab etdiyi ölkələrə neft tədarükünün dayandırılmasını tələb edib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Politico”ya istinadən xəbər verir ki, Vaşinqton rəsmi Karakasdan bir neçə əsas addım atılmasını gözləyir.
Məlumata görə, ABŞ rəsmiləri Rodrigezə narkotik axınlarının qarşısının alınması, İran və Kuba daxil olmaqla ABŞ-yə düşmən mövqedə olan ölkələrlə əlaqəli şəbəkələrin Venesueladan çıxarılması, eləcə də ABŞ-nin rəqiblərinə neft satışının dayandırılması tələblərini çatdırıblar. Vəziyyətlə tanış olan ABŞ rəsmisi administrasiya daxilində bu məsələlərin müzakirə olunduğunu bildirib.
Hesabatda qeyd olunur ki, ABŞ tərəfi eyni zamanda Delsi Rodrigezin gələcəkdə azad seçkilərin keçirilməsini təmin edərək vəzifədən kənara çəkiləcəyini gözləyir. Bununla belə, tələblərin icrası üçün konkret vaxt çərçivəsi müəyyən edilməyib və ABŞ rəsmiləri yaxın zamanda seçkilərin keçirilməsinin real olmadığını vurğulayırlar.
Xatırladaq ki, Tramp yanvarın 3-də Venesueladan Çinə neft tədarükünün davam edəcəyini açıqlayıb. O, həmçinin ABŞ-nin Venesuela neftini digər ölkələrə satmaq və bu tədarüklərin həcmini artırmaq niyyətində olduğunu bildirib.