Türkiyədə məktəblərə edilən hücumlarla bağlı sosial mediada paylaşımlar edən şəxslərə qarşı əməliyyat keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Türkiyənin hüquq-mühafizə orqanları Siverek və Kahramanmaraş şəhərlərində baş verən hadisələrlə bağlı sosial mediada mübahisəli məzmun paylaşdıqlarına görə 162 nəfəri həbs edib.
Türkiyənin ədliyyə naziri Akın Gürlek qeyd edib ki, təhsil müəssisələrinə hücumlardan sonra onlayn paylaşımlarla bağlı narahatlıqlar səbəbindən 95 nəfər saxlanılıb.
Onların hücumlarla bağlı videolar yaymaq, vətəndaşlar arasında qorxu yarada biləcək məzmun paylaşmaq, eləcə də cinayətkarları tərifləmək və yalan məlumatlar yaymaqda ittiham olunduğu bildirilib.
Bundan əlavə, digər məktəblərə hücumlara hazırlıqla bağlı mesajlar yaymaqda ittiham edilən daha 67 nəfərin də həbs edildiyi qeyd olunub.
Hesabatda həmçinin 1104 sosial media hesabına məhdudiyyət tətbiq edildiyi vurğulanıb.