Türkiyənin müxtəlif bölgələrində qeydə alınan güclü yağışlar sel və subasma hadisələri ilə nəticələnib. Ölkə mediasının yaydığı məlumata görə, təbiət hadisəsi xüsusilə Kocaeli və Bursa vilayətlərində ciddi problemlər yaradıb.
Kocaelinin Karamürsəl rayonunda yağan intensiv yağışlar nəticəsində bir sıra ev və iş yerlərini su basıb. Oxşar vəziyyət Bursanın İnegöl rayonunda da müşahidə olunub. Qısa müddət ərzində şiddətlənən yağıntılar yaşayış məntəqələrində subasmalara səbəb olub.
Vətəndaşların müraciətləri əsasında əraziyə xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər su basmış obyektlərdə və küçələrdə təmizləmə işləri aparır, həmçinin tıxanmış kanalizasiya və yağış barmaqlıqlarının açılması istiqamətində zəruri tədbirlər görürlər.