Kolumbiyada dünən 7,4 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 132-yə yüksəlib.
Təbii fəlakət zamanı 700-dən çox insan isə yaralanıb.
Qeyd olunub ki, ən çox insan itkisi və dağıntıların qeydə alındığı Pereira, Kali, Kivdo, Manizales və Armeniya şəhərlərində qırmızı həyəcan elan edilib, təhlükəsizlik məqsədilə həmin şəhərlərdə komendant saatı tətbiq olunub.
Axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir. Ən çox insan itkisi Pereirada qeydə alınıb. Şəhərdə 60 nəfərin öldüyü bildirilir.
Yerli mətbuatın məlumatına görə, 188 nəfərin itkin düşməsi ilə bağlı müraciət daxil olub. Ölənlərin sayının artacağından narahatlıq var.
Ölkənin üçüncü böyük şəhəri olan Kalidə zəlzələ nəticəsində bəzi yolların dağıldığı, 10 xəstəxananın isə fəaliyyət göstərə bilmədiyi bildirilib.
Paytaxt Boqota və Medellindən axtarış-xilasetmə qrupları bölgəyə göndərilib.
Kivdo və Manizales şəhərlərində isə zəlzələ su, elektrik enerjisi, telekommunikasiya və nəqliyyat xidmətlərində ciddi fasilələrə səbəb olub.
Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgələrdə dağıntılar altında qalan insanların müəyyənləşdirilməsi və xilas edilməsi istiqamətində tədbirlər görülür.