Pakistanın nəzarətində olan Kəşmir bölgəsində qanunvericilik seçkilərinin ilk mərhələsi zamanı toqquşmalar baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadaisə nəticəsində azı 20 nəfər həyatını itirib.
Qeyd olunub ki, səsvermə zamanı polis əməkdaşları ilə seçkilərin saxtalaşdırıldığını və Pakistan federal hakimiyyətinin loyal namizədlərin qələbəsini təmin etmək məqsədilə prosesə müdaxilə etdiyini iddia edən Xalq Fəaliyyətinin Birləşmiş Komitəsinin (JAAC) tərəfdarları arasında qarşıdurmalar yaşanıb.
Vurğulanıb ki, etirazçılarla polis arasında baş verən toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə atəş açıblar.
Hindistan Xarici İşlər Nazirliyi Pakistanın nəzarətindəki Kəşmirdə seçkilərin keçirilməsini kəskin tənqid edib. Nazirliyin sözçüsü Randhir Caysval bildirib ki, keçirilən seçki kampaniyası Pakistanın bölgədəki qanunsuz işğalını pərdələmək və insan hüquqları pozuntularını gizlətmək cəhdidir.
O, həmçinin Pakistanın Hindistanın ayrılmaz hissəsi hesab olunan Kəşmir ərazilərini qanunsuz və zor gücünə işğal etdiyini iddia edib.