Avropa İttifaqında (Aİ) xarici siyasət xidmətinin gələcəyi ilə bağlı müzakirələr intensivləşib. Bildirilir ki, qurumun fəaliyyətinə son qoyulmasını dəstəkləyənlərin sayı artır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Bildirilib ki, həm Avropa Şurası, həm də Avropa Komissiyası daxilində Aİ-nin xarici siyasət xidmətinin ləğvini istəyən nüfuzlu qrup formalaşıb. Mənbələrin sözlərinə görə, qurumun fəaliyyətinin davam etdirilməsini dəstəkləyənlərin sayı isə getdikcə azalır.
Məlumata görə, hazırda xarici siyasət xidmətinin yerinə yetirdiyi bir sıra funksiyalar mərhələli şəkildə Avropa Komissiyasının səlahiyyətinə verilir. Bu proses fonunda qurumun gələcəyi ilə bağlı müzakirələrin daha da intensivləşdiyi qeyd olunub.
Bununla yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Layen ilə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas arasında fikir ayrılıqlarının mövcud olduğu bildirilib. Qeyd olunub ki, Kallasın Ursula fon der Layeni avtoritar idarəetmə üsulunda ittiham etməsi tərəflər arasında münasibətləri daha da gərginləşdirib.
Britaniyanın "The Telegraph" qəzeti isə yazıb ki, Kaya Kallas hazırda siyasi təcrid riski ilə üz-üzədir. Nəşrin məlumatına görə, Aİ-nin xarici siyasət rəhbəri indiyədək öz təşəbbüslərinin həyata keçirilməsi üçün üzv dövlətlərdən kifayət qədər maliyyə dəstəyi ala bilməyib.