Azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları çərçivəsində martın 30-dan aprelin 5-dək 34 tank əleyhinə mina, 83 piyada əleyhinə mina və 2254 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdəki humanitar fəaliyyəti ilə bağlı həftəlik məlumatında deyilir. Rəsmi rəqəmlərə əsasən, hesabat dövründə ümumilikdə 2278.1 hektar ərazi minalardan tam təmizlənib.
Qeyd edək ki, bu təhlükəsizlik tədbirlərini ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət birgə həyata keçirir.
Əməliyyatlar əsasən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində aparılır. Həmçinin, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri də minalardan təmizlənən ərazilər sırasındadır.