Milli Məclis elektron siqaretlərin istifadəsi, idxalı, istehsalı və satışı ilə əlaqədar yeni cərimələri nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəddə vurğulanıb ki, qadağan edilmiş ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.
Bundan əlavə, elektron siqaretlərin və onların komponentlərinin qanunsuz dövriyyəsinə (idxalı, ixracı, istehsalı, satışı və saxlanılması) görə mallar müsadirə olunmaqla cərimələr aşağıdakı kimi müəyyənləşdirilib:
- Fiziki şəxslər: 350 manatdan 500 manatadək;
- Vəzifəli şəxslər: 1650 manatdan 2200 manatadək;
- Hüquqi şəxslər: 4 min manatdan 5 min manatadək.
Qanun tam qəbul edildiyi təqdirdə, 1 aprel tarixindən qüvvəyə minməsi nəzərdə tutulur. Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq təsdiqlənib.