Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Qeyd edilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunub.
İmtahanda iştirak üçün 22780 bakalavr ərizə təqdim edib.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub. Müvafiq hal protokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırda qeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır.
Fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı (https://www.youtube.com/stateexamcenter) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Bakalavrlar suallarını "Youtube"da müvafiq yayımın altına yaza bilərlər.
***
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) baş tutacaq. İmtahanda iştirak etmək üçün rekord sayda — 22 min 780 bakalavr ərizə təqdim edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı Dövlət İmtahan Mərkəzi (DİM) yayıb.
Qeydiyyatdan keçənlərdən 20 min 790 nəfəri Azərbaycan bölməsi, 1990 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək.
Bakalavrlardan 15 min 391-i cari ilin, 7389-u isə əvvəlki illərin məzunlarıdır. İştirakçılar arasında 47 nəfər xarici ölkə vətəndaşı da var.
Qəbul imtahanı ölkə üzrə geniş coğrafiyanı əhatə edir: Bakıda 64, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 4 və Lənkəranda 2 binada təşkil olunacaq.
Ən çox iştirakçı paytaxtda gözlənilir — Bakıda 16 499 nəfər. Digər bölgələr üzrə göstəricilər belədir: Sumqayıtda 1712, Gəncədə 1533, Abşeronda 1235, Mingəçevirdə 828, Naxçıvanda 542 və Lənkəranda 431 bakalavr.
İmtahanın idarə olunmasına böyük heyət cəlb olunub: 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2069 nəzarətçi və 297 buraxılış rejimi əməkdaşı prosesə nəzarət edəcək.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Diqqətli olun: İmtahanın başlanmasına 15 dəqiqə qalmış, yəni saat 10:45-də buraxılış rejimi başa çatır. Bu vaxtdan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahanın ümumi müddəti 3 saat 30 dəqiqədir. Startdan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt bitir və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır.
Bundan dərhal sonra iştirakçılara xarici dil fənni üzrə yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 14-də imtahan mərkəzləri və zallar möhürlənərək Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.