Birləşmiş Ştatlar ölkənin milli maraqlarına xələl gətirən beynəlxalq müqavilə və təşəbbüslərdə iştirakını dayandırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
Diplomatın bu bəyanatı Vaşinqtonun iqlim dəyişikliyi üzrə "Paris Sazişi"ndən çıxması fonunda səslənib.
Rubio qeyd edib ki, sözügedən sənəd ABŞ-da qiymətlərin artmasına səbəb olur, iqtisadi inkişafı ləngidir və ölkənin milli təhlükəsizliyini zəiflədir.
Məlumat üçün bildirək ki, "Paris Sazişi" 12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 21-ci konfransında qəbul edilib. ABŞ-nin hazırkı lideri Donald Trampın birinci prezidentlik dövründə ölkə 4 noyabr 2019-cu ildə rəsmən sazişdən çıxmışdı. Tramp ikinci müddətinə başladıqdan sonra yenidən ölkənin bu sazişdən çıxması barədə müvafiq fərman imzalayıb.