ABŞ ilə İsrail arasında İran siyasəti ilə bağlı fikir ayrılıqlarının dərinləşdiyi iddia olunur. Məlumata görə, Vaşinqton diplomatik kanalların qorunmasının vacibliyini ön plana çıxararkən, İsrailin İran rəsmilərini hədəf alması ABŞ administrasiyasında narahatlıq yaradıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Washington Post” qəzetinin yüksək rütbəli ABŞ rəsmilərinə istinadən yaydığı məlumata əsasən, Donald Tramp administrasiyası İranla bağlı diplomatik kanalları açıq saxlamağa çalışdığı bir vaxtda İsrailin bu ölkənin əsas danışıqlar aparan şəxslərini hədəf almasından ciddi narahatlıq keçirib.
Məlumata görə, Vaşinqton yaz aylarında vasitəçilər vasitəsilə Tehrana İsrailin mümkün planları barədə xəbərdarlıq göndərib. ABŞ rəsmilərinin xüsusilə İranın xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibafa qarşı mümkün sui-qəsd planlarına etiraz etdiyi bildirilir.
Bildirilir ki, adının açıqlanmasını istəməyən amerikalı rəsmilərdən biri bu addımın İran daxilində danışıqlara meyilli qüvvələri zəiflədə biləcəyini vurğulayaraq, belə şəxslərin hədəfə alınmasının diplomatik prosesə ciddi zərbə vuracağını deyib.
Analitiklərin fikrincə, Vaşinqtonun bu məsələ ilə bağlı birbaşa xəbərdarlıq etməsi ABŞ ilə İsrail arasında strateji fikir ayrılıqlarının mövcudluğunu göstərir. ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Aaron David Miller bildirib ki, bu vəziyyət iki müttəfiqin müharibə ilə bağlı hədəflərinin fərqlənməyə başladığını nümayiş etdirir.
Məlumata əsasən, münaqişənin ilk mərhələsində hər iki ölkə İranda rejim dəyişikliyi məqsədini bölüşsə də, sonradan yanaşmalar ayrılıb. ABŞ daha çox İranın dəniz və raket imkanlarının zəiflədilməsinə üstünlük verib, İsrail isə siyasi və hərbi rəhbərliyi hədəf alan əməliyyatlara fokuslanıb. Qeyd olunur ki, mart ayının ortalarında İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi Əli Laricaninin öldürülməsi Vaşinqton və Təl-Əviv arasında fikir ayrılıqlarını daha da dərinləşdirib.