ABŞ Senatı Prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyat üçün Konqresin təsdiqini almasını tələb edən qətnaməni yenidən rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Hill" qəzeti məlumat yayıb.
Qətnamənin lehinə 47, əleyhinə isə 53 qanunverici səs verib. Demokrat senator Cori Booker tərəfindən təqdim edilən sənəd ABŞ Prezidentinə "müharibə elanı və ya hərbi güc tətbiq etmək üçün xüsusi səlahiyyət verilmədiyi təqdirdə, ABŞ Silahlı Qüvvələrini İranda və ya İrana qarşı döyüş əməliyyatlarından geri çəkməyi" tapşırırdı.
Məlumata görə, amerikalı konqresmenlər İrana qarşı hərbi güc tətbiqinə icazə verməyiblər. Konqresdəki respublikaçıların böyük əksəriyyəti isə Ağ Evin hərəkətlərini rəsmi olaraq dəstəkləyir. Onlar iddia edirlər ki, Tramp digər prezidentlər kimi Konqresin rəsmi icazəsi olmadan Müharibə Səlahiyyətləri Qanununa əsasən məhdud hərbi zərbələr endirmək səlahiyyətinə malikdir.