ABŞ dövlət katibi Marko Rubio Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin artıq başa çatdığını bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələrdə bildirilib.
Məlumata görə, Rubio çıxışı zamanı bildirib ki, tərəflər arasında münaqişə təkcə dayanmayıb, həm də yeni əməkdaşlıq mərhələsinə keçidi nəzərdə tutan razılaşma ilə yekunlaşıb. O qeyd edib ki, imzalanan anlaşma memorandumunun regionda “çiçəklənməyə aparan yeni yol”un əsasını qoyduğu hesab olunur.
Rubio vurğulayıb ki, bu proses həm Ermənistan, həm də Azərbaycan üçün yeni iqtisadi və siyasi imkanlar yaradır və xüsusilə Ermənistanın suverenliyinə hörmət çərçivəsində fayda gətirə bilər.
Məlumata əsasən, Ermənistan və ABŞ iyunun 4-də TRIPP Çərçivə Sazişini məsafədən imzalayıblar. Sənədə Ermənistan tərəfindən xarici işlər naziri Ararat Mirzoyan, ABŞ tərəfindən isə dövlət katibi Marko Rubio imza atıb.