Azərbaycanın üç təmsilçisi Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-19 dünya çempionatında qələbə qazanıb. Yarışın beşinci günündə Gülər Hüseynova, Şahin Aslanov və Renat Qiyaslı rinqə çıxıblar.
51 kq çəki dərəcəsində mübarizə aparan Gülər Hüseynova 1/16 finalda ukraynalı Diana Dudini 5:0 hesabı ilə məğlub edib. Hakimlərin xalları 30:27, 30:27, 29:28, 30:27 və 30:27 olub. Hüseynova növbəti görüşündə serbiyalı Nataşa Lukiçlə qarşılaşacaq.
Şahin Aslanov (65 kq) dünya çempionatına bosniya və herseqovinalı Emir Serifoviç üzərində 5:0 hesablı qələbə ilə başlayıb. Beş hakimin hamısı döyüşü 30:26 hesabı ilə Aslanovun xeyrinə qiymətləndirib. O, 1/8 finalda rumıniyalı Robert-Jsolt Buzasla üz-üzə gələcək.
Renat Qiyaslı (80 kq) 1/16 finalda estoniyalı Daniil Panini üçüncü raundda tam üstünlüklə məğlub edib. Qiyaslının növbəti rəqibi italiyalı Tiberio Nokadello olacaq.
Hər üç boksçunun növbəti döyüşü oktyabrın 22-də keçiriləcək. Dünya çempionatının qalibləri oktyabrın 27-də bəlli olacaq.