Türkiyənin Sivas-Suşehri avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 4 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, hadisə Gemin Deresi ərazisində qeydə alınıb. İlkin məlumata görə, Həyati Arasın idarə etdiyi sərnişin mikroavtobusu hərəkət zamanı idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı baryerlərə çırpılıb, daha sonra uçuruma yuvarlanıb.
Sivas Valiliyinin açıqlamasına əsasən, Sivasdan Suşehri istiqamətində hərəkət edən mikroavtobusda ümumilikdə 14 sərnişin olub.
Qəza barədə məlumat daxil olduqdan sonra hadisə yerinə təcili tibbi yardım briqadaları, AFAD əməkdaşları, polis və jandarma qüvvələri cəlb edilib.
Xilasedicilərin apardığı əməliyyat nəticəsində mikroavtobusda olan sərnişinlərdən 4-nün hadisə yerində həyatını itirdiyi müəyyənləşdirilib.
Qəza nəticəsində Hikmət Cengiz, Funda Durhan, Erva Durhan və Dilək Özcan ölüb.
Yaralanan 10 nəfər isə təcili tibbi yardım maşınları və hava ambulansı ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Rəsmi məlumata görə, yaralılardan 4-nün vəziyyəti ağırdır, digər 6 nəfərin isə həyatı üçün təhlükə olmadığı bildirilir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma və istintaq tədbirləri başlanıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.