Adriatik dənizi sahilində, Xorvatiyanın Zadar şəhəri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Məlumata görə, təyyarə Çexiyadan havaya qalxıb.
"Radarlardan itən kiçik təyyarənin tapılması üzrə axtarış əməliyyatı saat 22:00 radələrində (Bakı vaxtı ilə şənbə günü gecə yarısı - red.) başa çatıb. Xorvatiya Dağ-Xilasetmə Xidmətinin mütəxəssisləri hava gəmisinin qalıqlarını və həlak olan iki nəfərin cəsədini aşkar ediblər", - polisin məlumatında bildirilib.
Təyyarənin qalıqları Zadardan 60 km aralıda yerləşən Paklenitsa milli parkının ərazisində, dağlıq bölgədə aşkarlanıb.