Türkiyəli xarici siyasət eksperti İnanç Sancaq Kiyev meri Vitali Kliçkonun Ukrayna Prezidenti Volodimir Zelenskinin kadr siyasətini tənqid etməsinin siyasi nəticələr doğura biləcəyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ekspert "RİA Novosti" agentliyinə açıqlamasında danışıb.
Məlumata görə, İnanç Sancaq Kliçkonun çıxışlarının Zelenskiyə qarşı olan siyasi qüvvələrin birləşməsinə zəmin yarada biləcəyini iddia edib. Onun sözlərinə görə, müxalif qüvvələr vahid mövqe sərgiləyəcəyi təqdirdə, prezidentin hakimiyyətdən uzaqlaşdırılması istiqamətində addımlar atıla bilər.
Ekspert həmçinin müdafiə naziri vəzifəsində aparılan dəyişikliyin Zelenski üçün strateji səhv olduğunu və bu qərarın ölkə daxilində narazılığı artırdığını bildirib.
Qeyd edək ki, Kiyev meri Vitali Kliçko daha əvvəl kadr dəyişikliklərini sərt tənqid edərək, bu qərarın Ukraynanın müdafiə qabiliyyətinə mənfi təsir göstərə biləcəyini bəyan etmişdi.