ABŞ Prezidenti Donald Tramp yanvarın 29-da jurnalistlərə verdiyi açıqlamada İranla danışıqlar aparmağı planlaşdırdığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton Yaxın Şərqə əlavə döyüş gəmisi göndərərək ordunun hər hansı bir əməliyyata hazır olduğunu vurğulayıb.
Tramp dialoqun mahiyyəti və ya vaxtı barədə təfərrüat verməsə də, Tehranla müzakirələrin mümkünlüyünü təsdiqləyib.
"Hazırda İrana doğru üzən çox böyük və güclü gəmilərimiz var. Onlardan istifadə etmək məcburiyyətində qalmasaydıq, bu, əla olardı".
ABŞ rəsmilərinin bildirdiyinə görə, Tramp müxtəlif variantları nəzərdən keçirir, lakin hələlik İrana zərbə endirilməsi barədə yekun qərar verməyib.
Regionda gərginlik son həftələrdə İranda etiraz aksiyalarının zorakılıqla yatırılmasından sonra daha da artıb. Tramp administrasiyası Tehranın nüvə proqramını bərpa edəcəyi təqdirdə hərbi müdaxilənin qaçılmaz olacağını dəfələrlə xatırladıb. Kabinet iclasında çıxış edən müdafiə naziri Pit Heqset bildirib ki, İran nüvə imkanlarına sahib olmamalıdır və Pentaqon prezidentin istənilən tapşırığını yerinə yetirməyə hazırdır.
Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff ilə hər hansı təmasda olmadığını və danışıqlar üçün müraciət etmədiklərini bildirib. Araqçi qeyd edib ki, müxtəlif vasitəçilər məsləhətləşmələr aparsa da, Tehranın mövqeyi dəyişməz qalır:
"Təhdid və həddindən artıq tələblər altında danışıqlar aparıla bilməz".
İran Prezidenti Məsud Pezeşkian isə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə söhbətində Tehranın müharibənin qarşısını alan və beynəlxalq hüquq çərçivəsində olan hər bir prosesi müsbət qarşıladığını vurğulayıb.