Azərbaycan cüdo millilərinin performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Bakı-2026 dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında idmançıların çıxışını dəyərləndirib.
Almaniyalı mütəxəssis 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayevin dünya çempionu olmasını arzuladıqlarını, lakin onun məğlubiyyətinin cüdoda baş verə bilən hal olduğunu bildirib. Trautmanın sözlərinə görə, bu idman növündə səhvə yol vermək olmaz və məhz bu amil cüdonun cəlbedici tərəflərindən biridir.
Trautman dünya, Avropa və Olimpiya çempionu Hidayət Heydərovun da Bakıdakı mundialda medal qazana bilməməsinə toxunub. O qeyd edib ki, xüsusilə doğma meydanda çıxış edən titullu idmançılar üçün belə nəticəni qəbul etmək çətin olur.
Məşqçinin sözlərinə görə, Heydərov və Zelim Kotsoyev Tokio şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak etmək istədiklərini bildiriblər. Onlar Yaponiyada özlərini göstərmək və yerli idmançılardan güclü olduqlarını sübut etmək niyyətindədirlər. Trautman bu yanaşmanı dəstəklədiyini deyib.