ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında paylaşım edərək İrana qarşı yeni və kəskin təhdidlər səsləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp İranın hərbi dəniz və hava qüvvələrinin artıq sıradan çıxarıldığını iddia edərək, Tehranın əlində qalan raket, pilotsuz uçuş aparatları (PUA) və digər hərbi texnikaların məhv edilməsi prosesinin davam etdiyini vurğulayıb.
Prezident paylaşımında ABŞ-nin hərbi üstünlüyünə diqqət çəkərək bu ifadələri işlədib:
“Görülməmiş silah gücümüz, limitsiz sursatımız və kifayət qədər vaxtımız var. Bu gün bu dəli pisliklərin başına nələrin gələcəyini izləyin.”
Tramp həmçinin qeyd edib ki, İranın 47 il ərzində dünyada qətlə yetirdiyi günahsız insanlara qarşılıq olaraq indi özü onları məhv edir və bundan böyük qürur duyur.
"Fox News" kanalına müsahibə verən Tramp, İranın yeni lideri hesab edilən Müctəba Xameneyinin taleyi ilə bağlı sualları da cavablandırıb.
O, Xameneyinin sağ olduğunu düşündüyünü bildirərək, "Məncə, o, ciddi zərər görüb, lakin yəqin ki, bir şəkildə sağdır" deyib.
Hörmüz boğazındakı vəziyyətə də toxunan Tramp, gəmilərin qorxmadan hərəkət edə biləcəyini, çünki İranın artıq donanmasının qalmadığını iddia edib.