İngiltərənin “Tottenhem” klubu heyətini gücləndirmək istiqamətində transfer bazarında fəaliyyətini davam etdirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, London təmsilçisi hazırda “Mançester Siti”nin cinah oyunçusu Savio ilə bağlı danışıqlar aparır. Məlumata görə, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında hələlik yekun razılaşma əldə olunmasa da, “Tottenhem” transfer üzrə danışıqları intensiv şəkildə davam etdirir.
Qeyd olunub ki, 22 yaşlı braziliyalı futbolçu London klubuna keçməyə razılıq verib. Onun “Mançester Siti” ilə mövcud müqaviləsinin 2031-ci ilə qədər qüvvədə olduğu bildirilir.
Məlumata əsasən, Savio ötən mövsüm bütün turnirlər üzrə 36 matçda meydana çıxıb. O, bu oyunlarda 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bildirilib ki, futbolçunun transferi yüksək maliyyə dəyəri tələb edə bilər. “Transfermarkt” portalının məlumatına görə, braziliyalı cinah oyunçusunun bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.