Azərbaycanda fevralın 18-də havanın temperaturunun kəskin yüksələrək 24 dərəcəyədək artacağı gözlənilir.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən rəsmi məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq və şimal-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 5-8 dərəcə, gündüz isə 10-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
Bölgələrdə havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 19-24 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 3-8 dərəcə, gündüz 13-18 dərəcə isti təşkil edəcək.