Gürcüstanda hüquq-mühafizə orqanları oktyabrın 4-də Tbilisidə baş vermiş iğtişaşın daha dörd iştirakçısını saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə həbs edilənlərin sayı 17-yə çatıb.
Bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib. Onun sözlərinə görə, məhkəmənin qərarı ilə aparılan əməliyyat nəticəsində dörd nəfər saxlanılıb, daha üç nəfərin isə axtarışı davam edir.
Hadisə bələdiyyə seçkiləri günü müxalifətin təşkil etdiyi mitinq zamanı baş verib. Aksiyanın təşkilatçıları səhnədən hökumətin devrilməsinə çağırış edərək “prezident sarayının açarlarını ələ keçirməyə” səsləyiblər.
Nümayişçilər iqamətgaha doğru hərəkət etməyə cəhd göstərsələr də, polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək onları dağıdıb.
Mitinqin təşkilatçılarından beşi hökuməti devirməyə çağırış və qrup zorakılığı təşkil etmək ittihamı ilə həbs olunub.
Onları 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.