Tarixi abidələrə müdaxilə faktları aşkar olunub

Tarixi abidələrə müdaxilə faktları aşkar olunub
25.12.2023 18:09
Aa
dəq

Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 63 ünvanında yerləşən 2993 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsinə müdaxilə olunduğu aşkar olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman tarixi tikilinin birinci mərtəbəsində fəaliyyət göstərən obyektin sahibi tərəfindən fasad hissəsində rənglənmə işlərinin aparıldığı müəyyən edilib:

"Abidənin fasadına vurulan rəngin təmizlənərək, tarixi tikilinin ilkin görkəminə qaytarılması istiqamətində tədbirlər görülür".

Məlumata görə, həmçinin Nəsimi rayonu Süleyman Ələsgərov 2A və 28 may küçələrinin kəsişməsində yerləşən 2889 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsində qanunsuz təmir işlərinin aparıldığı aşkar olunub: "Baxış zamanı zirzəmidən yuxarı mərtəbəyə beton qatın kəsilərək pilləkən yığılması, yükdaşıyıcı divarların deşilərək havalandırma borularının quraşdırlması faktı aşkar olunub".

Hər iki faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.

Qeyd edək ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Həftənin ən çox oxunanları