“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi noyabrda olacaq

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi noyabrda olacaq
13.05.2023 13:09
Aa
dəq

Mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib. “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk Əməkdaşlıq təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Mədəniyyət Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev deyib ki, bu torpaqlar bizim üçün sənətin, musiqinin beşiyidir. Şuşa Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli və neçə-neçə söz, sənət xiridarının vətənidir: “Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunduğuna görə Zəfərin, rifahın və şənliyin çox yaraşdığı bu şəhərdə bir-birindən zəngin, yaddaqalan və rezonans doğuracaq proqramlarımız olacaq. Şuşa şəhəri 2023-cü il üçün TÜRKSOY Daimi Şurasının qərarı ilə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Nazirlər Kabinetinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə fəaliyyət planı hazırlanıb”.

Sultan Raev TÜRKSOY-un “Qorqud Ata” Türk dünyası III film festivalının da açılışının Şuşada olacağını bildirib. O, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasiminin isə noyabr ayına planlandığını deyib: “Bağlanış tədbirində 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” estafeti Türkmənistanın Anev şəhərinə veriləcək”.

Baş katib əlavə edib ki, Şuşada keçirilməsi nəzərdə tutulan proqram “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi üzrə indiyədək keçirilmiş tədbirlərdən daha yaddaqalan olacaq: “Çünki bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir. Fikrimcə, Şuşa Azərbaycanın ürəyidir. Bu il həm də TÜRKSOY-un 30 illiyidir. TÜRKSOY-un yaşı qədər işğal altında qalan, barbarlıqla dağıdılan, hazırda azadlığına qovuşan bu tarixi şəhəri biz fürsətdən istifadə edib həm Türk dünyasına, həm də bütün dünyaya mədəniyyətin, incəsənətin, musiqinin beşiyi kimi tanıtmaq niyyətindəyik”.

Həftənin ən çox oxunanları