Bu gün Misli Premyer Liqasının VIII turunda “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək. “SOCAR Polymer Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Oyunun baş hakimi Vüqar Həsənli olacaq. Ona yan xətt hakimləri Asiman Əzizli və Zöhrab Abbasov kömək edəcəklər. Murad Səlimov dördüncü hakim, Əkbər Əhmədov VAR, Rəhman İmami isə AVAR hakimi kimi fəaliyyət göstərəcək. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi Yavər Rəhimov olacaq.
Komandalar indiyədək Azərbaycan Premyer Liqasında 11 dəfə qarşılaşıblar. Hər iki tərəf dörd qələbə qazanıb, üç görüş heç-heçə ilə başa çatıb. Topların fərqi də bərabərdir: 10:10.
“Araz-Naxçıvan” rəqibi ilə son dörd görüşün hər birində qol vurub. “Sumqayıt” isə doğma meydanda keçirilən son iki qarşılaşmada qalib gəlib. Tərəflərin son duelində də Sumqayıt təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.
“Sumqayıt” beş xalla turnir cədvəlinin səkkizinci pilləsindədir. İki xalı olan “Araz-Naxçıvan” 12-ci yerdə qərarlaşıb.