ABŞ-nin Merilend ştatında federal dairə məhkəməsi ötən gün prezident Donald Tramp administrasiyasının doğuşla vətəndaşlıq hüququnu məhdudlaşdırmağa yönəlmiş fərmanını həyata keçirmək cəhdini müvəqqəti dayandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sözügedən fərman ABŞ-da "doğuş turizmi"nin qarşısını almağı nəzərdə tutur.
Donald Tramp 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra ABŞ-də doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsi qaydasını ləğv etməyə və ya məhdudlaşdırmağa çalışır.
ABŞ Ali Məhkəməsi iyunda Trampın doğuşla vətəndaşlıq hüququnu ləğv etmək istiqamətində ilk cəhdini rədd etdikdən sonra prezident avqust ayında daha sərt məzmunlu yeni fərman imzalayıb.
Ötən gün ABŞ dairə məhkəməsinin hakimi Debora Bordman Tramp administrasiyasının yeni fərmanı icra etmək cəhdini müvəqqəti olaraq bloklayıb.
Hakim bildirib ki, iddiaçıların fərmanın ABŞ Konstitusiyasının 14-cü düzəlişi ilə təmin olunan hüquqlarını pozduğunu sübut etmək ehtimalı yüksəkdir. Sözügedən düzəliş ABŞ ərazisində doğulan bütün şəxslərə vətəndaşlıq hüququnu təmin edir.
Məhkəmənin qərarı yekun deyil. İş üzrə araşdırma davam edir.
ABŞ-də doğuşla vətəndaşlıq hüququnu təsbit edən konstitusiya düzəlişi ölkədə Vətəndaş müharibəsindən sonra qəbul edilib. Bu düzəliş 1857-ci ildə ABŞ Ali Məhkəməsinin afroamerikalıları vətəndaşlıq hüququndan məhrum edən qərarını faktiki olaraq aradan qaldırıb.