Çandra fırtınasının yaratdığı güclü yağışlar İrlandiyada onlarla evi və müəssisəni su altında qoyub.
“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə “The Irish Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, Dublin ən güclü daşqınlardan əziyyət çəkən ərazilərdən biri olub. Ölkənin şərq və cənub-şərq bölgələrində bir neçə çay məcrasından çıxıb, bəzi ərazilərdə isə aylıq yağıntının yarısına qədər yağış qeydə alınıb.
Məlumata görə, güclü yağışlar hava və dəmir yolu nəqliyyatında da ciddi problemlər yaradıb. Mütəxəssislər həftənin sonunadək daşqın riskinin davam edəcəyini bildirirlər.
Nəşr qeyd edir ki, daşqının əsas səbəblərindən biri kimi təsirlənmiş ərazilərdə bu cür fəlakətlərin qarşısını almaq üçün müvafiq infrastrukturun olmaması göstərilir. Xüsusilə, fırtına zamanı sahillərindən daşan çaylardan birinin dərinləşdirilməsi və qoruyucu divarların inşası üçün nəzərdə tutulan 51 milyon avroluq layihənin reallaşdırılmaması vəziyyəti daha da ağırlaşdırıb.