İsveçrədə keçirilən ABŞ və İran danışıqlarında nüvə obyektlərinin yoxlanılması məsələsinin müzakirə olunduğu bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti danışıqların gedişatı ilə tanış olan rəsmi şəxslərə və diplomatlara istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər arasında müzakirə olunan razılaşma layihəsində İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) şübhəli hesab edilən istənilən obyekti qısa müddət ərzində yoxlamaq üçün geniş səlahiyyətlər verməsi nəzərdə tutulur. Bildirilib ki, oxşar təkliflər hələ fevral ayında Cenevrədə keçirilən görüşlər zamanı da gündəmə gəlib, lakin proses sonradan yarımçıq qalıb.
Qeyd olunub ki, həftəsonu İsveçrədə baş tutan danışıqlarda MAQATE-nin baş direktoru Rafael Qrossi hər iki tərəflə birbaşa təmaslar aparıb. Diplomatik mənbələrin məlumatına əsasən, Qrossi nüvə yanacağının hərbi məqsədlərlə istifadə edilmədiyinə əmin olmaq üçün beynəlxalq müfəttişlərin hansı səviyyədə çıxış imkanlarına ehtiyac duyduğunu izah edib.
Bildirilib ki, İran tərəfinin təklif olunan mexanizmlərlə razılaşdığı ehtimal olunur. Bununla belə, Tehran rəsmiləri dondurulmuş aktivlərə çıxış müddətləri də daxil olmaqla, digər məsələlər üzrə yekun razılıq əldə olunmadan konkret tarixlər və detallar barədə açıqlama verməkdən çəkinirlər.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın uzunmüddətli nüvə proqramının şəffaflığını təmin etmək məqsədilə beynəlxalq inspeksiyalara razılıq verəcəyinə ümid etdiyini bildirmişdi.