İranın dəniz blokadası çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən ölkə limanlarına girməyə və ya çıxmağa çalışan 8 neft tankeri saxlanılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "The Wall Street Journal" nəşrinin ABŞ administrasiyası rəsmilərinə istinadən yaydığı məlumata görə, hərbçilərin radiokanal vasitəsilə etdiyi xəbərdarlıqdan sonra ələ keçirilən bütün ticarət gəmiləri marşrutlarını dəyişməyə məcbur olub.
Məlumata görə, ABŞ bu blokadanı tətbiq etmək məqsədilə bölgəyə 15 hərbi gəmi və bir neçə min hərbi qulluqçu yerləşdirib. Proses, Amerika Prezidenti Donald Trampın 13 aprel saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) Hörmüz boğazındakı İran limanlarının bloklanmasına başlanıldığını elan etməsindən sonra baş verib.
Gərginlik 28 fevralda ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlarla pik həddə çatıb. Həmin gün hava hücumları nəticəsində İranın Ali lideri Əli Xamenei öldürülüb, buna cavab olaraq isə İsrailə və Fars körfəzindəki Amerika bazalarına raket zərbələri endirilib. Tərəflər 8 aprelə keçən gecə iki həftəlik atəşkəs razılığı əldə etsələr də, 11-12 apreldə Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilən danışıqlardan sonra qeyd olunan blokada qərarı verilib.