ABŞ-nin hərbi sursat ehtiyatlarının azalması ilə bağlı yayılan məlumatlar Vaşinqtonda və beynəlxalq təhlükəsizlik dairələrində narahatlıq yaradıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “CNN” telekanalının təhlükəsizlik analitiki Aleks Plitsas ABŞ ordusunun raketdən müdafiə sistemləri üçün nəzərdə tutulan sursat ehtiyatlarının azalmasının Tehranın mövqeyinə təsir göstərə biləcəyini bildirib.
Məlumata görə, Plitsas ABŞ-nin əsas raketdən müdafiə sistemləri üçün nəzərdə tutulan sursatların təxminən 80 faizinin istifadə edildiyini iddia edib. O, vəziyyəti ABŞ üçün “çox təhlükəli” qiymətləndirərək, yayılan məlumatların siyasi məqsəd daşıya biləcəyini qeyd edib.
Analitik bildirib ki, Prezident Donald Trampın açıqlamalarına baxmayaraq, tükənmiş hərbi ehtiyatların bərpası uzun vaxt tələb edir və istehsal imkanlarında müəyyən boşluqlar yarana bilər. Onun sözlərinə görə, İranın son dövrlərdə daha sərt mövqe nümayiş etdirməsinin səbəblərindən biri ABŞ-nin hərbi resurslarının zəiflədiyi qənaəti ola bilər.
“The Washington Post” qəzetinin məlumatına əsasən, Donald Tramp ötən həftə keçirilən kabinet iclasında müdafiə naziri Pit Heqsetdən sursat çatışmazlığı ilə bağlı izahat tələb edib. Bildirilir ki, bu vəziyyət ABŞ-nin İrana qarşı bəzi hərbi variantlarını məhdudlaşdıra bilər.
Digər tərəfdən, “CBS News” və “Reuters” kimi media qurumlarının məlumatlarında ABŞ-nin bəzi mühüm silah ehtiyatları ilə bağlı çatışmazlıqların olduğu iddia edilir. Məlumata görə:
- “THAAD” raket sistemləri üzrə ehtiyatların əhəmiyyətli hissəsi istifadə olunub;
- “PrSM” və “ATACMS” uzaqmənzilli raketlərinin böyük hissəsi sərf edilib;
- “Tomahawk” qanadlı raketlərinin ehtiyatlarının təxminən yarısının azaldığı bildirilir.
Qeyd edək ki, Prezident Donald Tramp bu iddiaları rədd edib. O, sosial media hesabında ABŞ-nin kifayət qədər hərbi sursata malik olduğunu və istehsal prosesinin davam etdiyini bildirib. Tramp həmçinin hərbi imkanlarla bağlı məlumatların sızdırılmasını tənqid edərək, məsul şəxslərin cəzalandırılacağını açıqlayıb.