ABŞ Dövlət Departamenti İranın neft və neft-kimya sektoruna qarşı sanksiyalar paketini genişləndirdiyini rəsmən bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, regionda təhlükəsizlik narahatlıqlarının artdığı bir dövrdə atılan bu addım Tehranın gəlir mənbələrini məhdudlaşdırmağa xidmət edir.
Dövlət Departamentinin yaydığı məlumatda bildirilir ki, sanksiyalar aşağıdakıları əhatə edir:
- Qanunsuz ticarətlə əlaqəli 15 qurum;
- "Kölgə donanması"na daxil olan 14 gəmi.
Rəsmi Vaşinqtonun qənaətinə görə, bu hədəflər İran rejiminin regionda sabitliyi pozan fəaliyyətlərini və daxili repressiyaları maliyyələşdirmək üçün istifadə olunub.
Açıqlamada qeyd olunub ki, Tehran rəhbərliyi ölkə daxilində rifahı yüksəltmək və infrastrukturu bərpa etmək əvəzinə, vəsaitləri terror fəaliyyətlərinə və proksi qüvvələrə yönəldir.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının maksimum təzyiq siyasətinə toxunulan sənəddə, qanunsuz neft ixracının qarşısının qətiyyətlə alınacağı vurğulanıb.
Diqqətçəkən məqam odur ki, bu sanksiya qərarı Omanda tərəflər arasında keçirilən dolayı danışıqlardan dərhal sonra açıqlanıb. İranın xarici işlər naziri Abbas Araqçi bu təmasları yaxşı başlanğıc adlandırsa da, Vaşinqton hələlik danışıqların nəticələri barədə rəsmi şərh verməyib.