"31 Mart Soyqırımı Azərbaycan tarixində ən ağır soyqırımlardan biri olub".
Bunu “Operativ Məlumat Mərkəzi-OMM“-ə açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.
Deputat ermənilərin əsas məqsədinin azərbaycanlıları məhv etmək olduğunu deyib:
“Bolşevik erməni birləşmələri birmənalı şəkildə Azərbaycanı hədəf seçərək on minlərlə azərbaycanlını qətlə yetirib, kəndləri darmadağın ediblər. Nə qədər adını siyasi motivdə qoysalar da, əsas məqsəd məhz azərbaycanlı rəsmiləri, elm adamlarını və digərlərini qətlə yetirmək, kəndləri yer üzündən silmək idi. Bu, bir daha soyqırımın ən yüksək səviyyədə həyata keçirildiyinin bariz nümunəsidir. İstər Quba, istər Bakı, istərsə də Şamaxıda törədilən hadisələrə baxın. Yəni bütün bunların hamısı doğrudan da bir millətə qarşı törədilmiş soyqırım faktlarıdır”.

Millət vəkili soyqırımı aktının beynəlxalq səviyyədə tanınmasında əsas rolu Heydər Əliyevin oynadığını qeyd edib.
“Beynəlxalq təşkilatların bunu tanıması təbii ki, Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanından sonra olub. Buna qədər bu məsələlərə ciddi fikir verilməyib. Çünki dünyada Azərbaycana qarşı ikili standartlar daim olub və bu gün də davam etdirilir. Lakin bu istiqamətdə də ciddi addımlar atılır. İstər diaspora təşkilatları səviyyəsində, istər Xarici İşlər Nazirliyi, istər Qanunvericilik orqanlarımızın müxtəlif dostluq qrupları bu istiqamətdə müxtəlif addımlar atır. Düşünürəm ki, mütləq şəkildə biz 31 Mart Soyqırımının Beynəlxalq İctimaiyyət tərəfindən tanınmasına nail olacayıq”.

Mədinə Useynova