Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yaponiya Baş naziri Takaiçi arasında telefon danışığı baş tutub.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, tərəflər iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.
Söhbət zamanı Rəcəb Tayyib Ərdoğan Türkiyənin Yaponiya ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Xüsusilə müdafiə sənayesi, ticarət və investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Telefon danışığı zamanı regional və qlobal gündəmdəki aktual məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Ərdoğan İran və ABŞ arasında davam edən gərginliyə toxunaraq, problemin həlli üçün yeganə yolun danışıqlar olduğunu bildirib.
Türkiyə Prezidenti davamlı sülh və sabitliyin təmin olunması istiqamətində aparılan diplomatik səyləri dəstəklədiyini diqqətə çatdırıb.
Rəcəb Tayyib Ərdoğan görüş zamanı ötən ay Yaponiyanın Kumamoto bölgəsində baş verən zəlzələ nəticəsində həyatını itirənlərlə bağlı Baş nazir Takaiçiyə başsağlığı verib.