Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 21 il ərzində ölkə iqtisadiyyatı böyük inkişaf yolu keçib. 2003-cü ildən başlayaraq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Bu dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkənin başlıca sosial-iqtisadi nailiyyətlərini aşağıdakı istiqamətlərdə qeyd etmək mümkündür. Cənab Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib.
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, son 21 ildə Azərbaycan iqtisadiyyatının, eləcə də sosial təminat sisteminin kifayət qədər güclənməsi müşahidə olunub.
“2003-cü ildə Azərbaycanda minimum əməkhaqqı 9 manat idi, indi 345 manatdır, o dövrdə minimum pensiya 20 manat idi, hazırda isə 280 manat təşkil edir. 2003-cü ildə Azərbaycanda ÜDM-in dollar ekvivalentində məbləği cəmi 7 milyard dollar idisə, bu gün həmin məbləğ 75 milyard dollardır. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları həmin dövrdə 2 milyard dolardan az idi. Ötən il bu rəqəm 70 milyard dollara çatıb”.
Deputat qeyd edib ki, həm rəqəmlər, həm də ölkəmizdə formalaşan infrastruktur göstərir ki, son 21 ildə Azərbaycan kifayət qədər fərqli bir dövr keçib.

“Bu dövr Azərbaycan iqtisadiyyatının güclənməsi, qeyri-neft sektoru üçün imkanların genişlənməsi, eyni zamanda, ölkəmizin Cənubi Qafqazda aparıcı iqtisadi gücə çevrilməsi anlamına gəlir. Bütün bunlar Azərbaycanda yeni hədəflərin formalaşmasına gətirib çıxarıb, son 21 il isə dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş hədəflərə nail olunmasına imkan yaradıb. Həm iqtisadi, həm siyasi, eyni zamanda, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası mümkün olub”.
V.Bayramov vurğulayıb ki, artıq yeni dövrümüzün hədəfləri Azərbaycan iqtisadiyyatı üçün vacib imkanlar deməkdir. Yeni hədəflər kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən bu sahədə addımların atılması, rəqabətin gücləndirilməsi, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik. Azərbaycanda yeni dövr, yeni iqtisadi inkişaf deməkdir.
Mehman Mirzəzadə