Ölkə ərazisində yağıntılı hava şəraiti intensiv şəkildə davam edir. Hazırda əksər ərazilərə yağış, bəzi dağlıq və dağətəyi bölgələrə isə qar yağır.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən rəsmi məlumat verilib.
Fevralın 11-i saat 10:00-a olan faktiki hava məlumatına əsasən, qar örtüyünün hündürlüyü ən çox Şahbuzda (50 sm) qeydə alınıb. Digər bölgələrdə isə göstəricilər belədir: Qaxda (Sarıbaş) 28, Daşkəsəndə 20, Göygöldə 18, Gədəbəydə 15, Ağdamda 14, Lerikdə 10, Tərtərdə 9 sm.
Həmçinin Şamaxı və Yardımlıda 8, İmişlidə 7, Qubada 6, Goranboy, Xızı və Xaltanda 4 sm qar müşahidə olunur. Naftalan və Qobustanda 3, Gəncə, Bərdə, İsmayıllı, Qəbələ, Qusar, Şəmkir və Sədərəkdə 2, Mingəçevirdə isə 1 sm qar örtüyü formalaşıb.
Düşən yağıntının miqdarı xüsusilə cənub bölgəsində yüksək olub: Lənkəranda 23, Cəlilabad və Biləsuvarda 16, Astarada 15, Göyçayda 14, Neftçala və Zərdabda 13, Sabirabad və Şərurda 12 mm təşkil edir.
Digər ərazilərdə yağıntı miqdarı: Oğuz və Ağsuda 9, Beyləqanda 8, Yevlax və Kürdəmirdə 5, Ağstafa, Şahdağ və Şabranda 3, Naxçıvanda 2 mm. Şəki, Zaqatala, Ceyrançöl, Tovuz, Ordubad, Balakən, eyni zamanda Bakıda və Abşeron yarımadasında yağıntı 1 mm olub.
Bundan əlavə, Göygöl, Tərtər, Yevlax, Göyçay, Şamaxı, Quba, Qusar, Qrız, Qax (Sarıbaş), Şəki, Oğuz, Balakən, Şəmkir, Daşkəsən və Şərurda qatı duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.