Qəzza zolağında səhiyyə sektoru İsrail tərəfindən tətbiq edilən blokada səbəbindən ağır vəziyyətlə üzləşib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, tibb işçilərini və xəstələri daşıyan nəqliyyat vasitələrinin fəaliyyəti üçün zəruri materialların tükənməsi səbəbindən tibbi daşımalar tamamilə dayanmaq təhlükəsi ilə üz-üzədir.
Bildirilib ki, nəqliyyat xidmətlərinin kəsilməsi həkim və tibb personalının xəstəxanalara çatmasına, eləcə də xəstələrin ixtisaslaşmış tibbi xidmətlərdən yararlanmasına ciddi maneə yaradacaq.
Məlumata görə, yaranmış vəziyyət xüsusilə onkoloji xəstələr və böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər üçün ciddi təhlükə yaradır. Yanacaq, yağ, şin və digər ehtiyat hissələrinin çatışmazlığı həm xəstəxanaların fəaliyyətini, həm də təcili tibbi yardım sistemini iflic edə bilər.
Qeyd olunub ki, bölgədə davam edən hücumlar və humanitar yardımların, o cümlədən ilkin tələbat mallarının girişinə tətbiq edilən məhdudiyyətlər Qəzzanın səhiyyə sisteminə ağır zərbə vurub.
Səhiyyə rəsmiləri beynəlxalq təşkilatlara və humanitar qurumlara müraciət edərək, tibbi nəqliyyat sisteminin qorunması, yanacaq və zəruri ehtiyat hissələrinin bölgəyə çatdırılması üçün təcili tədbirlər görülməsini tələb ediblər.