Səudiyyə Ərəbistanı Krallığının Yəməndəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd əl-Cabir (Mohammed al-Jaber) strateji dəniz keçidi olan Bab əl-Məndəb boğazının husi qüvvələrindən tamamilə təmizləndiyini bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, diplomat "X" sosial şəbəkə hesabında paylaşım edərək, “Bab əl-Məndəb boğazı husilərin terrorçu milis qalıqlarından azad edilib”, – deyə bildirib.
Səfir əməliyyatın detalları ilə bağlı əlavə məlumat açıqlamayıb, husi hərəkatı tərəfindən də bəyanata hələlik rəsmi reaksiya verilməyib.
Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə husilərin paytaxt Səna şəhərini və bir neçə vilayəti ələ keçirməsindən sonra başlanıb. Beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə dəstək məqsədilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası 2015-ci ilin mart ayında ölkəyə hərbi müdaxilə edib.
Cari ilin iyul ayında başlanan hərbi eskalasiya 2022-ci ildə BMT-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs rejimindən sonra Yəməndə ən kəskin döyüşlərin yaşanmasına səbəb olub. Sentyabrda toqquşmaların şiddətlənməsi fonunda husilər Hudeydə və Taiz vilayətlərində bir sıra mühüm yaşayış məntəqələrini ələ keçirərək Bab əl-Məndəb boğazında yerləşən strateji Mayyun adasına qədər irəliləmişdilər.
Yəmən hökumət qüvvələri bu həftə husilərin nəzarətində olan əraziləri azad etmək və strateji logistika xətlərini bərpa etmək məqsədilə genişmiqyaslı “Yəmənin sübhü” hərbi əməliyyatına başlayıb.